Bu qış qrip mövsümü mediada “superqrip” kimi təqdim olunsa da, mütəxəssislər bildirirlər ki, mövcud vəziyyət tipik mövsümi qripdən fərqlənmir.

Qrip hər il minlərlə insanın ölümünə səbəb olan ciddi virusdur. Bu mövsüm Böyük Britaniyada qripin erkən başlaması və H3N2 tipli virusda yeni mutasiyaların aşkarlanması narahatlıq yaradıb. “Subclade-K” adlandırılan bu variantın daha sürətli yayıla biləcəyi ehtimal edilsə də, aparılan analizlər virusun əvvəlki illərlə oxşar sürətlə yayıldığını göstərir.
Oksford Universitetindən professor Kristof Freyzer bildirib ki, mutasiyalar virusun immunitetdən yayınma qabiliyyətini cəmi 5–10% artırıb və vəziyyət fövqəladə deyil. Mövsümi qrip peyvəndi də gözlənildiyi kimi effektivliyini qoruyub.
UKHSA nümayəndələri mövsümün erkən başlamasını qeyri-adi hesab etsələr də, ümumi təsirin səhiyyə sistemi üçün tipik olduğunu vurğulayırlar. Alimlər “superqrip” anlayışının elmi termin olmadığını və bu cür ifadələrin ictimai etimadı zəiflədə biləcəyini bildirirlər.
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
