24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı anews.az saytının baş redaktoru Nailə Balayevadır. O, Azərbaycanda media nümayəndələri üçün informasiya çatımlılığının vəziyyətindən danışıb.
-Azərbaycanda jurnalistlərin məlumat əldə etmək istəyərkən üzləşdikləri maneələr nə ilə bağlıdır və bu problemlər necə aradan qaldırılmalıdır?
-Həqiqətən də, Azərbaycanda jurnalistlər informasiya əldə etməkdə çətinlik çəkirlər. Bu da informasiya siyasəti ilə bağlıdır. İnformasiya siyasəti, əslində, qanunla tənzimlənməlidir. Qanun var, ancaq informasiya siyasəti həmin qanunla tənzimlənmir. Ən yaxşı həll yolu rəsmi qurumların saytıdır. İndi bir çox saytlarda xəbərlər tez-tez yenilənmir. Qoyulan xəbərlər çox ümumi xarakter daşıyır, detallı informasiyalar, xüsusilə, statistikalar verilmir. Əgər bütün bunlar həll olunsa, informasiya əldə etməkdə problem yaşanmaz. Bundan başqa, nazirliklər, demək olar ki, rüblük, yarımillik, yaxud da illik mətbuat konfransı keçirmirlər. Əslində, bu belə olmalı deyil. İldə bir dəfə də olsa, dövlət qurumlarının rəhbərləri media qarşısında çıxıb hesabat verməli, brifinq təşkil etməlidirlər. Əvvəllər bunlar var idi. Amma mən, demək olar ki, son 10 il ərzində rast gəlməmişəm ki, hansısa nazirlik bütün medianı yığıb mətbuat konfransı keçirib suallara aydınlıq gətirsin.
24Media.az "Media haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən xatırladır ki, bu qanunun 17-ci maddəsinin birinci bəndində jurnalistlərin məlumat almaq hüququ ilə bağlı deyilir:
"Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz".
Məryəm Abdullazadə
