Bu gün:

Alimlər qara şokoladın yeni faydasını aşkar edib


Yeni elmi araşdırma kakao tərkibində olan teobromin maddəsinin hüceyrə səviyyəsində qocalmanı ləngidə biləcəyini göstərir. Tədqiqat qara şokoladın sağlam qocalma ilə əlaqəli ola biləcəyini ortaya qoyur.

“Aging” jurnalında dərc olunan yeni araşdırma qara şokoladın sağlamlıq üçün daha bir faydasını üzə çıxarıb. Tədqiqat kakao məhsullarında bol olan teobromin maddəsinin epigenetik (gen ifadəsini dəyişən, lakin irsi olaraq ötürülə bilən dəyişikliklər) qocalma ilə əlaqəsini araşdırıb.

Alimlər Böyük Britaniyadan 509 qadın əkiz və Almaniyadan 1 160 nəfərin məlumatlarını analiz ediblər. Qan nümunələri vasitəsilə teobromin səviyyəsi və bioloji yaşı ölçən “epigenetik saatlar” müqayisə olunub.

Nəticələr göstərib ki, qanda teobromin səviyyəsi yüksək olan şəxslərdə bioloji qocalma daha yavaş gedir və telomerlər daha uzun olur. Eyni nəticələr hər iki tədqiqat qrupunda təsdiqlənib.

Araşdırma müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsini tam sübut etmir. Buna baxmayaraq, mütəxəssislər yüksək kakao tərkibli qara şokoladın (70% və yuxarı) və şəkərsiz kakao məhsullarının sağlam qocalmanı dəstəkləyə biləcəyini bildirirlər.

 

Mənbə: Eating well

Tərcümə etdi: Nərmin Məmmədzadə


Paylaş
Şərh əlavə et