2002-ci ildə 6 100 ədəd qar kürəsi kolleksiyası ilə Ginnesin Rekordlar Kitabına düşən almaniyalı şəxs bildirib ki, kolleksiyası hazırda 11 000-ə çatıb. Josef Kardinalın kolleksiyası Nürnberqdəki evinə gələn Ginnesin Rekordlar Kitabının nümayəndəsi tərəfindən yenidən yoxlanılıb və onun 11 000 fərqli qar kürəsinə sahib olduğu təsdiqlənib. Beləliklə, Kardinal öz rekordunu yeniləyib.

1994-cü ildən bəri qar kürələri toplayan Kardinalın kolleksiyasındakı ən qədim nümunə 1889-cu ildə Parisdə hazırlanmış Eyfel qülləsi temalı qar kürəsidir.
Onun maraqlı eksponatları arasında Coca-Cola telefonuna bənzər qar kürəsi, “Titanik” gəmisinin batmasını əks etdirən kürə və Şaxta babanın helikopter idarə etdiyi bir qar kürəsi var. Kolleksiyada həmçinin "Star Wars", "Harry Potter" və "The Lord of the Rings" filmlərinin personajları və məkanlarını təsvir edən qar kürələri də yer alır.
Kardinal Ginnesin Rekordlar Kitabına açıqlamasında deyib: “Qar kürələrinin romantikasını sevirəm. Onları silkələyəndə qarın yağması çox gözəl görünür. İnsanlar qar kürələrini sevir, çünkü onlar ideal bir dünyanı əks etdirir, əlbəttə ki, real olmayan bir dünyanı. Məhz buna görə də biz onlara meyl edirik".
Mənbə: Upi news
Tərcümə etdi: Aydan Xudayarova
