Rusiya aviaşirkəti ev heyvanları ilə səyahət edən sərnişinlər üçün yeni xidmət tətbiq edib. İndi ev heyvanını baqaj bölməsində deyil, təyyarənin salonunda, sərnişin üçün nəzərdə tutulmuş qonşu oturacaqda yerləşdirmək mümkündür.

Müəyyən olunmuş qaydalara əsasən, heyvan ölçüləri 55×35×30 santimetrdən çox olmayan daşıyıcıda olmalıdır və daşıyıcı ilə birlikdə ümumi çəki 15 kiloqramı keçməməlidir. Bu halda sərnişin sıranın orta oturacağında əyləşir, daşıyıcı isə pəncərə kənarındakı oturacaqda yerləşdirilir.
Xidməti yalnız aviabilet alındığı zaman eyni anda rəsmiləşdirmək mümkündür. Heyvanın ayrıca oturacaqda daşınmasının minimum qiyməti 4 999 rubl təşkil edir.
"Pobeda" aviaşirkətində bildirirlər ki, yeni seçim sərnişinlər üçün ev heyvanlarının daşınması imkanlarını genişləndirir və uçuş zamanı daha rahat şərait yaradır. Bundan əlavə, bu cür xidmət 2020-ci ilin dekabrından etibarən "S7" aviaşirkətində də mövcuddur (heyvanla birlikdə daşınan çəki 20 kq-dan çox olmamalıdır), 2021-ci ilin sentyabrından isə "Utair"də tətbiq edilir (çəki 23 kq-dan çox olmamalıdır). Bu aviaşirkətlərdə daşıyıcının ölçüləri 55×40×40 ilə məhdudlaşdırılıb. Xidməti həmçinin "Aeroflot" da təqdim edir (daşıyıcı ilə birlikdə heyvanın çəkisi 15 kq-dan çox olmamalıdır).
Mənbə: newsler.ru
Tərcümə etdi: Aysel Mehtizadə
