Bu gün:

"Xəz Paltolu Madonna" romanının əsas mövzusu nədən ibarətdir?


İlk dəfə 1943-cü ildə nəşr olunan Xəz Paltolu Madonna hələ də ən çox diqqət çəkən və satış rəqəmləri çox yüksək olan şah əsərlər sırasındadır. Kitabın ilk nəşri 177 səhifədən ibarət olmağına baxmayaraq, bu günə qədər bir çox nəşriyyatlar tərəfindən dəfələrlə nəşr edilmişdir. Bu əsəri bu qədər xüsusi və qalıcı edən usta qələmin tökdüyü uğurlu analizləridir.

Ustad yazıçı Sabahattin Əli tərəfindən məşhur və uğurlu əsər olan “Xəz paltolu Madonna” qələmə alınıb. Keçmişdən bu günə qədər populyarlığını qoruyub saxlayan türk ədəbiyyatının şah əsərlərindən olan Xəz Paltolu Madonna roman janrı baxımından məhəbbət romanına daxildir. Kitab qəhrəmanın nöqteyi-nəzərindən yazılıb. Kitabın təsir edici cəhətlərindən biri də gənclərin emosional dünyasına xitab etməsidir. Əsrarəngiz sevgi hekayəsi və insanın tənhalığı kitabın bütün səhifələrində öz əksini tapır.

Kədərli bir eşq hekayəsi olan Xəz Paltolu Madonnanın iki hekayədən ibarət povesti var. Birinci hekayədə Rasim adlı obraz iş tapır və Raif Əfəndi obrazı ilə tanış olur. İkinci hekayədə isə Raif Əfəndinin heç kimə danışa bilmədiyi eşq hekayəsi önə çıxır. Bu sevgi hekayəsində Raif Əfəndi gənclik illərində Almaniyada bir rəsm sərgisində tanış olduğu Maria Puderə aşiq olur və ondan sonrakı baş verən hadisələrdən bəhs edir.

Xəz paltolu Madonna üç əsas mövzu ətrafında inkişaf edən bir romandır. Romanda sevgi, tənhalıq və yadlıq mövzuları üstünlük təşkil edir. Ümumiyyətlə, sevgi romanı kimi görünsə də, romanda insanın yaşadığı cəmiyyətdən uzaqlaşaraq, psixoloji təhlillə tənhalaşaraq öz qabığına çəkildiyi vurğulanır. Bu emosional çöküşlər və dəyişikliklər böyük ustalıqla və hisslə təsvir olunur ki, oxucular tez-tez özlərini real həyatda yaşayırmış kimi hiss etdiklərini bildirirlər.

Kitabın əsas ideyalarından biri də qərəzlə hərəkət etməməkdir. Qərəz insanların digər insanları yanlış tanımasına və onlara qarşı yanlış münasibət bəsləməsinə səbəb ola bilər. Bəzən bu davranışlar insanları dönməz yollara sürükləyir. Ağır qiymətlər verməmək üçün qarşımızdakı insanları anlamadan, dinləmədən, hadisələri həll etmədən onlar haqqında qəti mühakimə yürütməməliyik.

Xəz paltolu Madonnanın əsas personajları aşağıdakılardır:

Raif Əfəndi: Romanın baş qəhrəmanıdır. Dərdini heç kimlə paylaşmadan öz içində yaşayan gözəl əxlaqlı, sakit, içinə dönük bir obrazdır. Bu təbiətin altında Raif Əfəndinin illər öncə itirdiyi böyük sevgisi var.

Rasim: Raifin dövlət qulluqçusu işlədiyi şirkətdəki iş yoldaşıdır. Raifin susması diqqətini çəkir və onu daha yaxından tanımaq istəyir. Onu tanıdıqca o, Raifin daxili aləmində gizlənən sirli sevgi hekayəsi ilə tanış olur və onu hərtərəfli öyrənməyə çalışır.

Maria Puder: Raifin ehtiraslı eşq yaşadığı gözəl və cazibədar qadındır. O, Berlin klublarından birində müğənni kimi işləyir. İşlədiyi yerin təsirindən kişilərə inamını, sevgisini itirmiş qadındır. Yaşının az olmasına baxmayaraq, ruhunda dərin yaralar var. Raiflə tanış olduqdan sonra Raifin xarakteri, həvəsi ona təsir edir. O qədər təsirlənir ki, Raif sayəsində sevgiyə inamını bərpa etməyə başlayır. Sevgiyə bağlılığı artdıqca içində yatan güclü və sevən qadın yenidən ortaya çıxır. Bu andan etibarən sevgisini tam və hər şeylə yaşamaq istəyir. 

Mənbə: Hürriyet

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et