Yaponiyada aparılan yeni müşahidə xarakterli araşdırma pendir istehlakı ilə demensiya (ağıl zəifliyi) riski arasında zəif, lakin statistik baxımdan əhəmiyyətli əlaqə olduğunu göstərib. Araşdırmaya görə, müntəzəm olaraq pendir yeyən şəxslərdə demensiya riski 1,06 faiz daha aşağı olub.
7917 nəfərin iştirak etdiyi tədqiqatda üç il ərzində pendir yeyən 134 nəfərdə, pendir yeməyənlər arasında isə 176 nəfərdə demensiya əlamətləri qeydə alınıb. Alimlər nəticələrin süd məhsullarının beyin sağlamlığı üçün mümkün qoruyucu təsirini göstərdiyini bildirirlər.
Mütəxəssislər nəticələrə ehtiyatla yanaşmağın vacibliyini vurğulayırlar. Qeyd olunub ki, Yaponiyada pendir istehlakı çox aşağıdır, ABŞ-də isə bu göstərici 17,4 kq təşkil edir. Bu səbəbdən az istehlak olunan ölkələrdə kiçik artımlar statistik olaraq daha nəzərəçarpan görünə bilər.
Dietoloqlar bildirirlər ki, müşahidə olunan fərq təkcə pendirlə deyil, ümumilikdə daha sağlam qidalanma və həyat tərzi ilə bağlı ola bilər. Xüsusilə fermentasiya olunmuş pendirlərin az miqdarda və balanslı pəhrizin tərkibində istehlakı daha məqsədəuyğun sayılır.
Mütəxəssislər pendirin demensiyadan qoruyan yeganə vasitə kimi təqdim edilməməli olduğunu qeyd ediblər.
Mənbə: Medical News Today
Tərcümə etdi: Nərmin Məmmədzadə
