Bu gün:

"Vətəndaşların silah alıb cinayət törətməsi onun satışı ilə bağlı deyil"


24media.az-ın növbəti müsahibi hərbi ekspert Səxavət Məmməddir. O, Azərbaycanda silah satışı ilə bağlı sualımızı cavablandırıb.

-Azərbaycanda silah satışı necə tənzimlənməlidir və hansı dəyişikliklər olmalıdır?

-Əvvəlcə, onu qeyd edim ki, vətəndaşların silah əldə edib cinayət törətməsi onun satışı ilə əlaqədar deyil. Yəni törədilən bütün silahlı cinayətlərdə onun istehsal tarixi, məkanı və.s baxsaq, görərik ki, bunların, demək olar ki , heç biri Azərbaycanda istehsal olunmayıb. Bir məqamı da nəzərə çatdırım ki, Azərbaycan müstəqil olduğu dövrdən 2020-ci ilə  qədər bir neçə müharibə yaşayıb. Xüsusilə, öz ərazisində müharibə gedən ölkələrdə mülki vətəndaşların əllərinə silah keçməsi normal haldır. Həmçinin I Qarabağ Müharibəsi zamanı təkcə hərbiçilərə deyil, vətəndaşlara da silah paylanmışdı. Hətta bu dövrdə bəzi müğənnilər qazandıqları əməkhaqlarının müəyyən bir qisminə  silah-sursat alıb orduya paylamışdı. Digər tərəfdən, II Qarabağ Müharibəsində isə külli miqdarda avtomat, güllə və.s əldə edildi. Lakin əldə edilən silahlar arasında bir dənə də tapança yox idi, çünki onların həcmi kiçik olduğundan asanlıqla gizlədib həmin ərazidən çıxarılırdı. Bütün bu səbəbləri göz önündə tutsaq, vətəndaşların silah əldə etməsi çox asan olub. Yeri gəlmişkən, Ukraniya-Rusiya müharibəsində Ukraniya hökuməti yerli əhaliyə on mindən çox kalaşnikov və digər atıcı silahlar paylayıb. Əlbəttə, bu halda onların əldə edilməsi rahat olacaq.

Ümumilikdə, əhalidə olan silahın 99 faizi qeyri-qanuni yollarla əldə olunmuşdur.

24media.az xatırladır ki, general-polkovnik Vilayət Eyvazov “Polis Günü”nə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdəki çıxışına istinadən qeyd edir ki, son 20 ildə saxlanılan 22 mindən çox şəxsdən qanunsuz yolla əldə etdikləri odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.

Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et