Bu gün:

Sevimli itlər olan Golden Retriverlərin böyük görüşü


Buenos-Ayresdə keçirilən qeyri-adi tədbirdə təxminən 2 hb400 Golden Retriver və onların sahibləri bir araya gəlib. Şəhərin ən məşhur parklarından biri olan Bosques de Palermo həmin gün tamamilə bu it cinsi ilə dolub. Təşkilatçıların və yerli medianın məlumatına görə, bu, indiyədək qeydə alınan ən böyük Golden Retriver görüşü ola bilər. Toplanan itlərin sayı əvvəlki qeyri-rəsmi rekordu olan Kanadanın Vankuver şəhərindəki 1 685 iti geridə qoyub.

Hazırda nəticə Guinness Dünya Rekordları tərəfindən təsdiqlənməsə də, təşkilatçılar bu görüşü Argentinada heyvansevərlər üçün əlamətdar hadisə kimi qiymətləndirirlər. Tədbir sosial şəbəkələrdə edilən çağırışla təşkil olunub və ölkənin müxtəlif bölgələrindən sahiblər itləri ilə birlikdə paytaxta gəliblər. Dəqiqliyi qorumaq üçün parkın müxtəlif nöqtələrində könüllülər dayanaraq itləri siyahılar və vizual yoxlamalarla qeydiyyata alıblar.

Sakit və mehriban xasiyyətləri ilə tanınan Golden Retriverlər sahiblərinin nəzarəti altında parkda sərbəst dolaşıb. Böyük izdihama baxmayaraq tədbir problemsiz keçib. İtlər rəngarəng şərflər, bandanalar və papaqlar taxıb, ailələr isə çəkdikləri foto və videoları sosial mediada paylaşıblar.

İştirakçılar bildiriblər ki, bu görüş təkcə rekord qırmaq məqsədi daşımayıb. Onlar üçün əsas olan eyni cins it saxlayan ailələr arasında ünsiyyət, təcrübə paylaşımı və birlik hissi yaratmaq olub. Bəziləri isə ilk dəfə bu qədər çox Golden Retriveri bir yerdə gördüklərini deyiblər. Argentinada bu itlər xüsusilə uşaqlı ailələr arasında çox məşhurdur. Baytarlar bu cinsi mehribanlığı, balanslı davranışı və asan öyrədilməsi ilə seçildiyi üçün tövsiyə edirlər. 

Təşkilatçılar sənədləri beynəlxalq rekord qurumlarına təqdim etməyi planlaşdırıb və gələcəkdə oxşar tədbirlərin yenidən keçirilə biləcəyini də qeyd ediblər. Parkın istifadəsinə rəsmi qurumlar icazə versə də, tədbir dövlət tərəfindən maliyyələşdirilməyib.

Mənbə: Upi news

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et