Belarus məktəblilərinə heyvanlarla düzgün davranmağı öyrədəcəklər. Bu barədə “HappyPet” Heyvanların Müdafiəsi İctimai Birliyinin idarə heyətinin üzvü və könüllü Olqa Petrakovskaya məlumat verib.

Belarusun ibtidai məktəblərində uşaqlarda heyvanlara qarşı məsuliyyətli və humanist münasibət formalaşdırmağa yönəlmiş yeni tədris kompleksi yaradılıb. Layihə Təhsil Nazirliyinin və heyvanların müdafiəsi ilə məşğul olan təşkilatların iştirakı ilə hazırlanıb.
Kompleks 1–2-ci sinif şagirdləri üçün nəzərdə tutulub və heyvanlara məsuliyyətli münasibətin formalaşdırılmasına həsr olunmuş doqquz mövzulu dərsi əhatə edən iş dəftərindən ibarətdir. Materiallarda uşaqlara ev heyvanlarına düzgün qulluq etməyin və onlarla düzgün davranmağın yolları izah edilir.
Tədris vəsaitinin hazırlanmasında geniş mütəxəssis qrupu iştirak edib: müəllimlər, baytarlar, kinoloqlar, psixoloqlar, həmçinin 18 heyvan müdafiə təşkilatının nümayəndələri.
Mənbə: zviazda.by
Tərcümə etdi: Aysel Mehtizadə
