ABŞ prezidenti Donald Tramp ən azı 1 milyon dollar (750 min funt sterlinq) ödəyə bilən varlı əcnəbilərə sürətləndirilmiş viza təqdim edən yeni bir proqramın başladıldığını açıqlayıb.

Tramp sosial mediada bildirib ki, bu kart alıcılara uyğun və yoxlanılmış şəxslər üçün birbaşa vətəndaşlığa aparan yol təqdim edəcək. "Böyük Amerika şirkətlərimiz nəhayət ki, əvəzolunmaz istedadlarını saxlaya biləcək", – deyə o qeyd edib.
Bu ilin əvvəlində elan edilmiş Tramp "qızıl kart" proqramı rəsmi internet səhifəsinə əsasən, ölkəyə əhəmiyyətli dərəcədə fayda verə biləcəyini sübut edən şəxslərə ABŞ vizası verilməsini nəzərdə tutur.
Proqram Vaşinqtonun immiqrasiya siyasətini sərtləşdirdiyi bir vaxtda tətbiq edilir. Sərtləşdirmələrə əmək vizaları üçün tariflərin artırılması və sənədsiz miqrantların deportasiyası daxildir.
"Qızıl kart" proqramı rekord müddətdə ABŞ-də yaşayış icazəsi vəd edir və müraciət edən şəxsin ölkəyə yüksək dərəcəli fayda gətirəcəyinin sübutu kimi 1 milyon dollar ödəniş tələb olunur.
Şirkətlər tərəfindən sponsorluq edilən əməkdaşlar üçün isə 2 milyon dollar ödəniş və əlavə rüsumlar nəzərdə tutulur. Proqramın saytına görə, yaxın vaxtlarda xüsusi vergi güzəştləri təklif edən 5 milyon dollarlıq “platinum” versiya da istifadəyə veriləcək.
Saytda qeyd olunur ki, namizədlərin vəziyyətindən asılı olaraq hökumətə əlavə rüsumlar tətbiq oluna bilər. Həmçinin müraciətlərin baxılması üçün geri qaytarılmayan 15 min dollarlıq emal haqqı ödənilməlidir.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
