Bu gün:

Tapanuli orangutanları məhv ola bilər


Tapanuli orangutanları İndoneziyada qızıl çıxarılması səbəbindən yox olma təhlükəsi altındadır. Ekoloqlar onlara zərər vuran və yaxın vaxtlarda genişləndirilməyə başlayan mədəninin bağlanmasını tələb edirlər.

2017-ci ildə aşkar edilən bu meymun növü dünyanın ən nadir növü sayılır. Hazırda Tapanuli orangutanlarının sayı 800-dən azdır və onlar öz tarixi yaşayış ərazilərinin cəmi 2,5%-də qalırlar. Orangutanlar Sumatradakı Batang-Toru ekosistemində yaşayır. Bu ərazi 2012-ci ildə fəaliyyətə başlayan Martabe qızıl mədəninin cənub-qərb hissəsi ilə sərhəddir.

"Mighty Earth" adlı qeyri-kommersiya təşkilatının məlumatına görə, mədən genişləndirilməsi istənilən bölgənin yaxınlığında onlarla orangutan yuvası var. Alimlər deyirlər ki, bu genişlənmə bir neçə nəsildən sonra növün yox olmasına səbəb olacaq, çünki orangutanlar hər 6–10 ildən bir çoxalır. Bioloji antropoloq Erik Meyard deyir: “Xüsusilə dişi orangutanlar öldürülməyə başlasa, populyasiyanın yox olması üçün çox şey lazım deyil".

Mədəni işlədən PT Agincourt şirkəti bildirib ki, genişlənmə ən çoxu 6–12 orangutana təsir edəcək. Şirkət tərəfindən deyilib ki, 13 ildir mədən işi səbəbindən bir dənə də olsun orangutan ölmüyüb.

Amma araşdırmalar göstərir ki, hətta dolayı təsir də ciddi nəticələr verə bilər. Dişi orangutanlar yaşayış yerinin dəyişməsinə çox həssasdır, ona görə də əraziləri daralanda başqa yerə köçmürlər. Bu isə onların ac qalma riskini artırır. Bundan başqa, müxtəlif orangutan qruplarının bir-biri ilə qarşılaşması onlar arasında gərginlik və qarşıdurma yarada bilər.

Mənbə: snob.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et