Bu gün:

ÜST qorxulu statistika açıqlayıb


Ümumdünya Səhiyyə Təşkilatı dünyada piylənmə ilə bağlı qorxulu statistikanı açıqlayıb. Qurumun yaydığı son hesabatda bildirilir ki, hazırda dünya üzrə 1 milyarddan çox insan obezite problemi ilə yaşayır və mövcud göstəricilər 2030-cu ilə qədər bu sayın təxminən iki dəfə artacağını göstərir.Mütəxəssislər bunu qlobal miqyasda ciddi sağlamlıq böhranı kimi qiymətləndirirlər. Obezite artıq təkcə artıq çəkidən ibarət problem kimi deyil, ürək-damar xəstəlikləri, şəkərli diabet, yüksək təzyiq, oynaq problemləri və bəzi xərçəng növlərinin əsas risk faktorlarından biri kimi dəyərləndirilir. Statistik məlumatlara görə, piylənmə ilə əlaqəli xəstəliklər səbəbindən hər il milyonlarla insan həyatını itirir və bu rəqəm ildən-ilə artmaqda davam edir.

Dünya Səhiyyə Təşkilatı vurğulayır ki, piylənmə ilə mübarizə yalnız fərdi şəkildə pəhriz saxlamaq və ya dərman qəbul etməklə məhdudlaşmamalıdır. Bu, uzunmüddətli, sistemli və davamlı yanaşma tələb edən kompleks bir sağlamlıq problemidir. Qurumun yeni tövsiyələrinə əsasən, obezitenin qarşısının alınması üçün erkən diaqnostika, düzgün qidalanma vərdişlərinin formalaşdırılması, fiziki aktivliyin artırılması və sağlam həyat tərzinin təşviqi vacib hesab edilir. Bununla yanaşı, dövlətlərin səhiyyə siyasətində, təhsil sistemində və ictimai həyatın bütün sahələrində sağlam qidalanma və hərəkətli həyat tərzini dəstəkləyən tədbirlər gücləndirilməlidir.

Mütəxəssislər bildirirlər ki, fast-food qidaların geniş yayılması, oturaq həyat tərzi, texnologiyadan həddindən artıq istifadə və fiziki hərəkətin azalması obezitenin sürətlə artmasının əsas səbəbləridir. Qlobal səviyyədə bu problemin nəzarətdən çıxması gələcək illərdə səhiyyə sistemlərinə ağır yük yaradacaq, ölkələrin iqtisadiyyatına da ciddi təsir göstərəcək. Bu səbəbdən Dünya Səhiyyə Təşkilatı bütün ölkələri indidən ciddi və konkret addımlar atmağa çağırır.

Mənbə: haberglobal

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et