Son illərdə “Miracle Mineral Solution” (MMS) adlı maddə xərçəng, autizm, COVID-19 və başqa xəstəliklərə qarşı möcüzəvi dərman kimi reklam olunub. Amma alimlərin apardığı araşdırmalar göstərib ki, bu maddə heç bir xəstəliyi sağaltmır, əksinə insan sağlamlığı üçün çox təhlükəlidir.

MMS iki fərqli mayedən ibarət olur: biri natrium xlorit, digəri isə turşu. Bu iki maddə qarışdırılıb içiləndə xlor dioksid adlı güclü kimyəvi maddə yaranır. Xlor dioksid isə adətən suyun dezinfeksiyası və ağartma işlərində istifadə olunur. Yəni MMS içmək, demək olar ki, ağardıcı maddə içmək kimidir.
Rəsmi qurumlar insanlara MMS-dən qətiyyən istifadə etməməyi tövsiyə edib. Çünki bu maddə qusma, ishal, təzyiqin həddindən artıq düşməsi və qaraciyər çatışmazlığı kimi ağır fəsadlara səbəb ola bilir. MMS-ni müdafiə edən insanlar isə bu əlamətləri guya bədəndən parazitlərin çıxması kimi qeyd ediblər. Amma alimlər bildiriblər ki, autizmin parazit, bakteriya və ya virusla əlaqəsi yoxdur.
Polşada yerləşən Vroçlav Tibb Universitetinin alimləri MMS-nin tərkibini laboratoriyada araşdırıblar. Onlar həmin maddənin bakteriyalara qarşı təsirli olduğunu görüblər, amma bu təsirin yalnız insan hüceyrələri üçün zəhərli olan dozalarda mümkün olduğu üzə çıxıb. Yəni maddə bakteriyanı öldürsə də, insan orqanizminə də ciddi zərər vurur.
Araşdırma zamanı MMS-nin bakteriyaların qoruyucu təbəqəsini də dağıtdığı məlum olub. Alimlər bildiriblər ki, bu maddənin ev şəraitində hazırlanması xüsusilə təhlükəlidir. Normalda içməli suda xlor dioksidin icazə verilən miqdarı çox az olur. Amma MMS-də bu miqdar təxminən 25 dəfə artıqdır. Bu isə mədə və bağırsaqlara ciddi ziyan vurur, fermentləri məhv edir, orqanizmdəki faydalı maddələri parçalayır.
Alimlər MMS-in bağırsaq üçün vacib olan probiotik bakteriyaları da məhv etdiyini müəyyən edib. Bu isə göstərir ki, maddə insanın həzm sistemini tamamilə poza bilər. Xüsusilə narahatlıq doğuran hal odur ki, MMS uşaqlara, hamilə qadınlara və arıqlamaq istəyən insanlara da satılır. Mütəxəssislər bunun çox təhlükəli olduğunu deyirlər.
MMS ilk dəfə 2000-ci illərdə Cim Hambıl adlı bir şəxs tərəfindən yayılıb. O bu maddənin bütün xəstəlikləri sağaltdığını iddia edib. Hətta insanların MMS-dən sonra özlərini pis hiss etməsini də dərmanın işləməsi kimi qələmə verib. Nəticədə çox sayda insan zəhərlənib, xəstəxanaya düşüb, hətta ölənlər də olub.
Alimlər qeyd ediblər ki, MMS-nin faydası demək olar ki sıfırdır, amma riski çox yüksəkdir. Ona görə də bu cür möcüzəvi müalicələr insanları aldadan və həyatı üçün təhlükə yaradan tibbi yalanlardır.
Mənbə: New York Post
Tərcümə etdi: Aydan Xudayarova
