Yeni aparılan meta-təhlil göstərir ki, probiyotiklərin qəbulu xüsusilə orta və yaşlı şəxslərdə idrak funksiyalarını yaxşılaşdıra bilər. Avropanın Klinik Qidalanma Jurnalında dərc olunan araşdırmaya görə, bu faydalı bakteriyalar yaddaşı, informasiya emal sürətini və məkan düşünmə bacarığını yaxşılaşdırır.

İnsan yaşlandıqca yaddaşın zəifləməsi, diqqətin azalması və icraedici funksiyaların zəifləməsi kimi dəyişikliklər normaldır. Lakin bu proses normadan kənara çıxanda demensiya (beynin funksiyalarının tədricən zəifləməsi nəticəsində yaddaşın, düşüncənin və davranışın pozulması) riskini artırır. Mütəxəssislər 2050-ci ildə demensiya ilə yaşayan insanların sayının 152 milyona çatacağını proqnozlaşdırırlar. Bu səbəbdən beyinin sağlam qalmasını dəstəkləyəcək sadə üsullar axtarılır.
Son illərdə diqqət “bağırsaq–beyin oxu” adlanan bioloji əlaqəyə yönəlib. Tədqiqatlar göstərir ki, bağırsaq mikroblarının tərkibi beyin fəaliyyətinə təsir edə bilər. Probiyotiklər isə bu mikrobiomu yaxşılaşdırmaq üçün istifadə olunan canlı bakteriya əlavələridir.
Çinli tədqiqatçılar 2023-cü ilin sonunadək aparılmış 21 təsadüfi seçilmiş klinik sınağı analiz ediblər. Nəticə göstərib ki, probiyotiklərin idrak funksiyalarına təsiri yaddaşdan asılıdır:
Orta yaşlı şəxslərdə ümumi idrak funksiyası, gecikmiş yaddaş, informasiya emal sürəti və məkan düşünmə bacarığı əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Uşaqlarda isə ümumi idrak inkişafında dəyişiklik olmayıb, lakin icraedici funksiyada müəyyən yaxşılaşma qeydə alınıb.
Gənclərdə yalnız verbal bacarıqlarda kiçik irəliləyiş müşahidə olunub, yaddaş və ümumi idrakda dəyişiklik olmayıb.
Ümumi nəticəyə görə, probiyotiklər diqqət müddətini artırmır, lakin iltihabı azaltmaq, neyrotransmitterlərin istehsalını artırmaq və neyronların inkişafını dəstəkləyən zülalların səviyyəsini yüksəltməklə beyin fəaliyyətinə müsbət təsir göstərə bilər.
Tədqiqatçılar qeyd edirlər ki, probiyotiklər möcüzəvi dərman deyil və ən yaxşı təsirini sağlam qidalanma və aktiv həyat tərzi ilə birlikdə göstərir.
Mənbə: Psypost
Tərcümə etdi: Nərmin Məmmədzadə
