
Abituriyentlərin həyəcanından danışan valideynlər bu həyəcanın onların imtahan nəticəsinə də təsir etdiyini bildiriblər:
“Düşünürəm ki, uşaqların həyəcanı onların nəticəsinə də bilavasitə təsir göstərir. Övladım bir neçə ildir ki, mütəmadi olaraq bu imtahanlara hazırlaşır və müəllimlərinin də gözləntiləri yüksəkdir. Lakin müşahidələrimə əsasən imtahan zamanı çox həyəcanlanır. Əlbəttə, həyəcan məsuliyyət göstəricisidir, amma bu həyəcanın həddindən artıq olması da yaxşı hal deyil”.
Valideynlərdən biri isə imtahanların gözlərdə çox böyüdüldüyündən və bu vəziyyətə qarşı olduğunu qeyd edib:
“Bəzi valideynlər imtahanı gözlərində çox böyüdürlər. ‘’Camaatın uşağı’’ deyimi ilə kifayət qədər həyəcan, stress keçirən uşaqlar valideynlərinin sözlərindən daha da pis təsirlənirlər. İmtahan hər şey deyil. Mən bir valideyn olaraq hər zaman övladımın yanındayam, heç bir imtahan ondan dəyərli deyil. Onlar hələ gəncdirlər, qarşılarında hələ uzun bir yol və bir çox imkanlar olacaq. İmtahan isə bu yollardan biridir”.
Sorğuda iştirak edən valideynlər, əsasən, 300-400, 500-600 bal aralığında nəticə gözlədiklərini də bildiriblər.
İxtisas və universitet seçiminə gəldikdə isə müxtəlif fikirlər səsləndirilib. Valideynlərdən bəziləri övladlarının hüquq ixtisasını, bəziləri polis akademiyasını, bəziləri isə jurnalistika ixtisasını istədiklərini bildiriblər.
Fidan Əlizadə
Nahid Xəlilov
