Bu gün:

Ceykob Elordiyə verilən Hitklif rolu etirazlara səbəb olub


Emili Brontenin “Wuthering Heights” əsərinin Emərld Fennell imzalı yeni ekranlaşdırmasında Hitklif rolunun Ceykob Elordiyə verilməsi sosial mediada etirazla qarşılanıb. Keti obrazını canlandıran Marqot Robbi isə aktyoru və filmin yaradıcı komandasını müdafiə edir. 

Filmin nümayişinə aylar qalmış tənqidlər əsasən aktyor seçiminə və Fennellin personajlara etdiyi interpretasiyalara yönəlib. Robbi "Vogue"ya müsahibəsində deyib: “Başa düşürəm… Amma hələ heç kim filmi görməyib, bu səbəbdən mühakimə etmək çətindir”. 


Mübahisələrin mərkəzində Elordiyə verilən Hitklif rolu dayanır. Bronte əsərdə Hitklifi “qarabuğdayı” və “lascar” kimi təsvir edir. 2011-ci ildə Andrea Arnoldun ekranlaşdırmasında Ceyms Houson personajı canlandıran ilk qara dərili aktyor olub. Robbi Elordi haqqında bildirib: “O, tam olaraq Hitklifdir. Bir az gözləsəniz nəticədən razı qalacağınıza inanıram”. 


Robbi, həmçinin Hitklif rolunun Lourens Oliviye, Riçard Berton, Ralf Fayns və Tom Hardi kimi tanınmış aktyorların yaratdığı bir ənənə olduğunu xatırladaraq Elordini “öz nəslinin Deniel Dey-Lüvisi” adlandırıb. 


Aktyor seçimi ilə bağlı narazılıqlar Robbinin özünə də yönəlib. Romanda Keti yeniyetmə və tünd saçlı təsvir edilsə də, Robbi 30 yaşlarının ortasındadır və treylerlərdə sarı saçla görünür. Filmin aktyor seçim direktoru Xarml Koçreyn bu tənqidlərə belə cavab verib: “Tam dəqiqlik tələb olunmur. Bu sadəcə kitabdır, sənətdir”.


Robbi müsahibədə personajla əlaqəsini belə izah edib: “Onu həm başa düşürdüm, həm də yox. Bu, məni ona cəlb edən tapmaca kimi hiss olunurdu”.


Fennell isə Robbinin seçimindən məmnun olduğunu vurğulayıb: “Keti iradəli, qəddar, tərs və təxribatçı bir xarakterdir. İnsanların niyə ona aşiq olduğunu başa düşəcək birini tapmaq lazım gəlirdi”.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et