Alimlər hüceyrələrdəki güc mərkəzləri olan mitoxondriləri bərpa etməyin yeni bir yolunu kəşf ediblər. Nanoçiçək texnologiyasından istifadə edən bu üsul sağlam kök hüceyrələrin istehsal etdiyi artıq enerjini zədələnmiş və qocalmış qonşu hüceyrələrə ötürür və bu da ürək, beyin və əzələ xəstəliklərinin müalicəsində yeni bir dövrün başlanğıcı ola bilər.

Mitoxondrilər hüceyrələrimizin əksəriyyətində mövcud olan mikroskopik güc mərkəzləridir. Yaş artdıqca onların sayı azalır, fəaliyyəti zəifləyir və beyindən ürəyə qədər bir çox xəstəliklərin yaranmasına şərait yaradır.
Yeni araşdırma göstərir ki, alimlər genetik manipulyasiya və ya dərmanlardan istifadə etmədən qocalmış hüceyrələri canlandırma yolunu tapıblar.
Nanoçiçək texnologiyası nədir?
Bu prosesin işə düşməsi üçün tədqiqatçılar “Nanoçiçəklər” adlanan xüsusi, çiçək formalı hissəciklərdən istifadə ediblər. Molibden disulfiddən hazırlanan bu nanoçiçəklər hədəf toxumalarda zərərli oksigen molekullarını (reaktiv oksigen növləri) süngər kimi udma qabiliyyətinə malikdir. Bu zərərli molekulların mühitdən təmizlənməsi kök hüceyrələrdə mitoxondrilərin istehsalını bir neçə dəfə artıran genlərin aktivləşməsinə səbəb olur.
Kök hüceyrələr təbii olaraq mitoxondriləri digər hüceyrələrlə bölüşə bilir. Nanoçiçəklər sayəsində laboratoriya təcrübələrində bu proses xeyli güclənib.
Alimlərin fikrincə, bu yanaşma nəzəri olaraq bədənin istənilən hissəsində hüceyrələri cavanlaşdırmaq üçün istifadə oluna bilər -məsələn, ürək xəstəliklərində ürək ətrafına tətbiq edilə və ya əzələ distrofiyası zamanı birbaşa əzələlərə yeridilə bilər.
Araşdırma hələ ilkin mərhələdə olsa da, bu texnologiya orqanizmin öz təbii mexanizmlərindən istifadə edərək qocalmış toxumaları “enerji ilə doldurmaq” potensialına malikdir. Sistem təhlükəsiz şəkildə işlək hala gətirilə bilsə, gələcəkdə hüceyrə yaşlanmasının təsirlərini yavaşlatmaq və hətta qismən geri çevirmək mümkün ola bilər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Asiya Zeynallı
