Bu gün:

Niyə balıqlar qış aylarında suda donmurlar?


Bir çox insanlar dəfələrlə fikirləşiblər ki, bəzi su hövzələri tamamilə donanda balıqlar soyuq qış aylarında necə sağ qala bilirlər. Onlar belə sərt şəraitə dözə bilirlərmi?

Balıqlar soyuqqanlı canlılardır, yəni onların bədən temperaturu ətraf mühitin temperaturundan asılı olaraq geniş diapazonda dəyişə bilir. Lakin dünya okeanının bəzi hissələrində suyun temperaturu –2 °C-yə qədər düşə bilir. Buna baxmayaraq, balıqlar buz parçalarına çevrilmirlər, qanları donmur. Bunun səbəbi isə qanda antifriz kimi işləyən xüsusi zülalların olmasıdır.

Bu zülallar qlikoprotein adlanır və onları balıqların qanında yalnız ötən əsrin ortalarında aşkar ediblər. Qlikoproteinlər mayedə buz kristallarının böyüməsini ləngidə bilir. Bu zülallar balıqların qanındakı kristallara birləşərək onların artmasını bloklayır. Maraqlıdır, son tədqiqat göstərib ki, qlikoproteinlər su molekullarına məsafədən təsir edərək onların kristal quruluş yaratmaq üçün bir-birinə bağlanmasına imkan vermir. Məhz buna görə balıq fiziki cəhətdən dona bilmir.

Bununla belə, qışda temperaturun kəskin aşağı düşməsi səbəbindən balığın bədəni bir növ “istirahət dövrü” yaşayır və metabolizmi yavaşlayır. Adətən, balıqlar suyun tam donmadığı ən dərin hissəyə çəkilirlər.

Mənbə: techinsider.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et