“Məşhur Xainlər” (The Celebrity Traitors) proqramında iştirak etməsi və müxtəlif Netflix seriallarındakı rolları ilə tanınan irlandiyalı aktrisa Ruth Codd ikinci ayağının amputasiya əməliyyatından sonra hazırda sağalma prosesində olduğunu açıqlayıb.
The Guardian qəzetinin xəbərinə görə, 29 yaşlı aktrisa bu məlumatı TikTok-da paylaşdığı video vasitəsilə yayımlayıb, əməliyyatın detalları barədə danışıb və yeni əlil arabasını zarafatla “Şişman Toni” adlandırıb.
Codd videoda əməliyyatın dizdən aşağı amputasiya olduğunu açıqlayıb və buna görə də artıq məzmunlarını İrlandiyadakı ailə evində çəkdiyini bildirib. Çünki normalda çəkiliş etdiyi yuxarı mərtəbədəki otağına artıq daxil ola bilmir. Ruth Coddun sağlamlıq tarixçəsi gənclik illərində futbol oynayarkən aldığı zədəyə əsaslanır, bu hadisə illərlə davam edən əməliyyatlara və xroniki ağrılara səbəb olub.
O, altı il əvvəl ilk amputasiya əməliyyatını keçirib. 2021-ci ildə isə həkimlər səkkiz il ərzində uzun müddət qoltuq ağacından istifadə etməsinin yaratdığı fəsadlar səbəbindən ayaq barmaqlarının hamısını amputasiya etmək məcburiyyətində qalıblar.
Mənbə: Haberglobal
Tərcümə etdi: Turqut Ansari
