24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Sosial sahə üzrə ekspert İlqar Hüseynlidir. O, Bakı metrosu ilə bağlı sualımızı cavablandırıb.

-Bakı metrosunun başlıca problemləri nələrdir?
-Azərbaycanda metroların sayının azlığı, təbii ki, problem yaradır. Bu unikal bir sərnişin daşıma vasitəsidir. Həm sürətli, həm də rahat olmalıdır. Düşünürəm ki, kifayət qədər metroların sayı artırılmalıdır. Təbii ki, bir çox insanların bildiyi kimi, Bakı metropoliteninin bir layihəsi vardır ki, 2030-cu ilə qədər 26 ədəd olan stansiyaların sayı 52-yə çatacaq. İstərdik ki, tikilən bu stansiyalar “8 Noyabr” stansiyasının aqibətini yaşamasın. Yəni tez bir zamanda tikilsin. Badamdar, Bayıl, Biləcəri kimi istiqamətlərə metro xətlərinin çəkilməsi zəruri haldır. Həmçinin Xocasən metrosundan Xırdala istiqamətinə metro xətti açılsaydı, əla olardı. Belə ki, bu müəyyən qədər Xırdalan dairəsindən 20 Yanvara kimi olan tıxacları qismən aradan qaldırardı. Həmçinin Bakıda dairəvi metropoliten xətti olsaydı, sevindirici hal olardı. Belə ki, belə olan halda bütün stansiyalar bir-biri ilə bağlı olardı və insanlar, sərnişinlər daha gözəl, daha unikal bir metro xətti görərdilər. Və digər problemlərdən biri də gediş-gəliş vaxtının uzun olmasıdır. Bunun üçün qatarların stansiyalarda gözləmə müddətini azaltmaq lazımdır və sürətli gediş-gəliş təmin etmək lazımdır. Bütün bu problemləri aradan qaldırmaq yalnız dövlətin işi deyil. Həmçinin sərnişinlər də qatarlardan, stansiyalardan düzgün istifadə etsə, bütün bu problemlər tez bir zamanda aradan qalxacaq.
Əli Mehdili
