İndoneziyanın Sumatya şəhərində nadir bitkilər axtaran bir qrup bioloq uzun illərin axtarışını uğurla başa vurub. Onlar 13 il ərzində tapmağa çalışdıqları "Rafflesia Hasseltii" adlı super-nadir çiçəyə nəhayət rast gəliblər. Bu an komanda üçün o qədər təsirli olub ki, ekspedisiyanın üzvlərindən biri olan Septian Deki Andrikithat sevinclə ağlayıb. Həmin an sosial şəbəkədə yayılan videoya düşüb.

Ekspedisiyada iştirak edən Oksford Universitetinin bioloqu Dr. Kris Torogud bildirib ki, bu çiçəyi tapmaq çox çətin olub. Komanda günlərlə pələnglərin dolaşdığı sıx meşələrdə gəzib və buna görə də tapıntı onları çox duyğulandırıb. Torogud çiçəyi gördükləri anı başqa planetdən gəlmiş bir şeyə baxmaq kimi təsvir edib.
Rafflesia hasseltii qırmızı rəngli, nəhəng, parazitik bir çiçəkdir və çox nadir açılır. Qönçə 9 ay ərzində inkişaf edib, çiçək isə cəmi bir neçə gün açıq qalıb. Onların tapdığı çiçək komandanın gözü qarşısında açılıb və bioloqlar bu təsadüfü möcüzə kimi qiymətləndiriblər.
Rafflesia çiçəyinin başqa bir xüsusiyyəti isə onun yayılan kəskin, çürük ət qoxusudur. Buna görə də həmin növlərə “cəsəd çiçəyi” deyilir. Bu iy milçəkləri cəlb edir və milçəklər çiçəyə yaxınlaşıb təsadüfən onu tozlandırırlar.
Rafflesia ailəsinə 40-dan çox növ daxildir. Onlardan biri "Rafflesia Arnoldii" dünyanın ən böyük çiçəyi hesab edilir və təxminən 1 metr diametri var. Lakin bu nadir çiçəklər yaşayış mühitinin məhv edilməsi səbəbindən ciddi təhlükə altındadır. Bu növlərin botanika bağlarında yetişdirilməsi də çox çətin olduğu üçün onların qorunması daha da mürəkkəbləşir.
Mənbə: New York Post
Tərcümə etdi: Aydan Xudayarova
