Alimlər yaşlanma prosesini ləngidə bilən xüsusi bir immun hüceyrəsinin mövcudluğunu müəyyən ediblər. Araşdırma göstərib ki, bu hüceyrələr orqanizmdə yaşla birlikdə yığılan və iltihab yaradan senesans hüceyrələrini hədəf alıb.
Tədqiqatlar CD4-Eomes adlanan bu hüceyrələrin toxuma yaşlanmasının tənzimlənməsində əsas rol oynadığını üzə çıxarıb. Heyvanlarda aparılan sınaqlar CD4-Eomes funksiyası zəiflədikdə senesans hüceyrələrinin sürətlə çoxaldığını və toxuma zədəsinin artdığını göstərib. Bu hüceyrələrin siroz modeli üzərində də iltihabı azaltdığı və zərərli hüceyrələri məhdudlaşdırdığı müşahidə olunub. Alimlər bu mexanizmin insanlarda da təsdiqlənəcəyi təqdirdə yeni müalicə imkanlarının açılacağını bildiriblər. CD4-Eomes hüceyrələrinin artırılması gələcəkdə yaşa bağlı xəstəliklərin qarşısını almaq və bioloji yaşlanmanı ləngitmək üçün ümidverici bir yanaşma kimi qiymətləndiriblər. Tədqiqatçılar bu hüceyrə reaksiyasının genetik və fərdi amillərə görə necə dəyişdiyini araşdırmağı planlaşdırıblar.
Mənbə: TRT HABER
Tərcümə etdi: Fidan Mənsimova

