Bu gün:

Taylandda kremasiya üçün gətirilən qadın tabutda hərəkət edib


Taylandda 65 yaşlı qadının kremasiya üçün məbədə gətirildikdən sonra tabutda hərəkət etməsi məbəd işçilərini şoka salıb. Hadisə Banqkokun yaxınlığındakı Nonthaburi əyalətində yerləşən Wat Rat Prakhong Tham məbədində baş verib.

Məbədin rəsmi Facebook səhifəsində yayımlanan videoda qadının yük maşınında ağ tabutda uzandığı, qollarını və başını zəif tərpətdiyi görünür. Məbədin ümumi və maliyyə məsələləri üzrə meneceri Pairat Soodthoop Associated Press-ə açıqlamasında bildirib ki, qadının qardaşı onu Phitsanulok əyalətindən kremasiya üçün gətirib.

Pairatın sözlərinə görə, məbəd işçiləri tabutdan zəif döyülmə səsi eşidib. “Bir qədər təəccübləndim və onlardan tabutu açmağı xahiş etdim. Hamı çaşdı. Qadının gözlərini azca açdığını və tabutun kənarına toxunduğunu gördük”, – deyə o bildirib.

Qardaşının ifadəsinə əsasən, qadın təxminən iki ildir yataq xəstəsi olub və iki gün əvvəl nəfəs almadığı görünəndə ailə onun öldüyünü düşünüb. O, bacısının orqanlarını bağışlamaq məqsədilə cəsədi Banqkokdakı xəstəxanaya aparsa da, ölüm haqqında şəhadətnamə olmadığı üçün xəstəxana qəbul etməyib.

Qardaş daha sonra məbəddən pulsuz kremasiya xidməti üçün kömək istəsə də, yenə sənəd çatışmazlığı səbəbindən rədd cavabı alıb. Məbəd rəhbərliyi ölüm şəhadətnaməsinin necə alınacağını izah etdiyi vaxt tabutdan gələn döyüntü səsi eşidilib. Bundan sonra qadın dərhal qiymətləndirilib və yaxınlıqdakı xəstəxanaya göndərilib.

Pairat Soodthoop bildirib ki, məbədin abbatı qadının müalicə xərclərini öz üzərinə götürməyi təklif edib.

Mənbə: Theguardian.com

Tərcümə etdi: Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et