“Harry Potter” filmlərində Ron Vizli obrazını canlandıran Rupert Qrint bu roldan heç vaxt tam ayrılmadığını bildirib. 37 yaşlı aktyor BBC-yə açıqlamasında Ronun həyatında silinməz iz buraxdığını və insanların onu daim bu obrazla xatırlayacağını düşündüyünü deyib.

O, Highgate-də keçirilən Yeni il işıqları tədbirində çıxışı zamanı “Bunun problem olduğunu düşünmürəm. İnsanların uşaqlıqlarının bir hissəsi olmuşam, bu çox gözəldir”, – ifadələrini səsləndirib.
Aktyor “Knock at the Cabin” və “Servant” kimi layihələrdə yer alsa da, hələ də əsasən Ron Vizli kimi tanındığını, bunun isə onu narahat etmədiyini vurğulayıb: “Bu rolu çox sevirəm, mənə qürur verir”.
Rupert Qrint 2001-ci ildə “Harry Potter”in ilk filmində Deniel Redklif və Emma Uotsonla birlikdə rol aldıqda 12 yaşında olub. Son film yayımlandıqda isə onun 22 yaşı olub. Aktyor bu prosesin həyatını çox sürətlə dəyişdiyini bildirib.

Qrint, həmçinin HBO Max tərəfindən hazırlanan yeni “Harry Potter” serialında Ronu canlandıracaq gənc aktyor Alasteyr Stauta məktub yazdığını açıqlayıb. Serialda Harrini Dominik MakLaflin, Hermionanı isə Arabella Stenton canlandıracaq. Albus Dambldor rolunda Con Litqo çıxış edəcək.
Layihənin çəkilişlərinə 2025-ci ilin iyulunda Birləşmiş Krallıqda yerləşən Warner Bros studiyalarında start verilib və serialın 2027-ci ildə yayımlanması planlaşdırılır.
Mənbə: The Independent
Tərcümə etdi: Nazim Xeyrxəbərli
