Şahzadə Harri və həyat yoldaşı Meqan uzun müddət güclü media təzyiqi, şəxsi azadlığın məhdudluğu və kral ailəsi daxilində yaşadıqları gərginlik səbəbindən Britaniyadan uzaqlaşıb. Onlar daha sərbəst və özəl həyat qurmaq istəyi ilə ABŞ-yə köçüblər. Şahzadə Harri Amerikaya köçəndən sonra Britaniyadakı həyatı üçün çox darıxdığını deyib. Kral ailəsi üzrə ekspertlər onun son məktubda ölkəsinə olan sevgisini vurğulamasını dərin peşmanlıq kimi qiymətləndirib.
Xatirə Günü üçün yazdığı məktub Harri üçün böyük əhəmiyyət daşıyır. O, orduda keçirdiyi illəri xatırlayıb, Britaniya üçün xidmət etməyin həyatında xüsusi yer tutduğunu qeyd edib. Harri Britaniyanın gündəlik həyatını, pab mühitini, zarafatları, stadion atmosferini onun ən sevdiyi anlar kimi qeyd edib.
Ekspert Riçard Fitzvilyams bildirib ki, Harri yazdıqları ilə vətən həsrəti yaşadığını açıq göstərib. Onun fikrincə, ordu illəri Harri üçün çətin dönəmlərdən çıxış yolu yaradıb və bu səbəbdən həmin dövrə böyük bağlılıq duyub.
Şahzadə Harrinin 2023-də çıxardığı “Spare” kitabında o, ailəsi ilə bağlı şəxsi məsələləri ortaya qoyub. Ekspert əlavə edib ki, “Spare” kitabının çapı kral ailəsi ilə münasibətləri daha da gərginləşdirib və bu durum Harri üçün yeni peşmanlıqlar yaradıb. Atasının səhhətində yaranan problemlər də onun narahatlığını artırıb.
Digər kral eksperti Hilari Fordviç isə bildirib ki, Harrinin dostları onun Kaliforniyada özünü çox tənha hiss etdiyini deyib. O, Amerikaya uyğunlaşmağa çalışsa da, tez-tez İngiltərədəki köhnə həyatını yada salır və yaxın dostları ilə bölüşdüyü söhbətlərdə ölkəsi üçün darıxdığını deyir.
Mənbə: Mirror
Tərcümə etdi: Aydan Xudayarova
