Bu gün:

Pis nəfəsin qarşısını alacaq yeni vasitə


Pis qoxulu nəfəsə qarşı sarımsaqdan hazırlanan ağız yaxalayıcısı təsirli ola bilər. Yeni araşdırmaya görə, sarımsaq ağız yaxalayıcısı halitoz üçün istifadə edilən ən məşhur antiseptik xlorheksidinlə (CHX) demək olar ki, eyni nəticə verir və hətta yüksək konsentrasiyada daha yaxşı təsir göstərir.

Xlorheksidin uzun illər ağız gigiyenasında əsas vasitə hesab edilsə də, onun bəzi mənfi təsirləri var, məsələn dad hissini dəyişir, ağızda yanma və keyimə yaradır, eləcə də dişlər və dil üzərində ləkələr buraxır. Həddindən artıq istifadə edildikdə dərmanların mikroblar üzərində təsirinin itməsinə səbəb ola bilər və bu da bakteriya, virus, göbələk və parazitlərin ağızda çoxalmasına imkan yaradır.

Sarımsaq isə əsrlərdir müalicəvi xüsusiyyətləri ilə tanınır. Əzildikdə sarımsaqdan "alliçin" adlı maddə ayrılır və bu maddə güclü mikrob əleyhinə təsir göstərir. Aparılan tədqiqatlar sarımsağın müxtəlif bakteriya, virus və göbələklərə qarşı təsirli olduğunu göstərib. Beş fərqli araşdırma təhlil edildikdən sonra məlum olub ki, bir həftə ərzində 3% sarımsaq ekstraktı ilə hazırlanmış ağız yaxalayıcısı, 0.2% xlorheksidindən daha çox bakteriyanı azaldır. Lakin sarımsaq da bəzi insanlarda yanma hissi və xoşagəlməz dad yarada bilər. Düzdür, bəzi xüsusi bakteriya növlərinə qarşı xlorheksidin qədər güclü deyil, amma əksər  bakteriyalarla mübarizədə daha təsirli ola bilər.

Araşdırmanın sonunda alimlər bildiriblər ki, sarımsaq ağız yaxalayıcısı müəyyən hallarda, xüsusən də yüksək konsentrasiyalarda xlorheksidinə yaxşı alternativ ola bilər.

Mənbə: New York Post

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et