Yeni araşdırmalar şizofreniya və bəzi digər ruhi xəstəliklərin arxasında tək bir genin dayana biləcəyini göstərib. Almaniyada aparılan tədqiqat GRIN2A adlı genin bu xəstəliklərdə mərkəzi rol oynadığını ortaya qoyub.
Tədqiqatçılar GRIN2A genində dəyişiklik daşıyan 121 nəfərin məlumatlarını təhlil edərək bu genin həm şizofreni, həm də digər ruhi pozuntularla əlaqəsini müəyyən ediblər. Məlum olub ki, genin bəzi variantları NMDA reseptorunun fəaliyyətini zəiflədərək beyin hüceyrələri arasında siqnal ötürülməsini azaldır. Həmçinin araşdırma L-serin adlı maddə ilə aparılan ilkin müalicələrdə bəzi xəstələrdə nəzərəçarpan yaxşılaşmaların qeydə alındığını göstərib.
Bu tapıntılar ruhi xəstəliklər üçün daha erkən diaqnostika imkanlarının yarana biləcəyini təsdiqləyib. GRIN2A kimi təkbaşına təsir göstərə bilən genlərin müəyyənləşdirilməsi hədəfli müalicə strategiyalarına yol aça bilər. Alimlər araşdırmanın genişləndiriləcəyini və klinik tətbiqlərin gələcəkdə daha da inkişaf etdiriləcəyini bildiriblər.
Mənbə: Nuvemmag.com
Tərcümə etdi: Fidan Mənsimova
