Bu gün:

Qədim Romada qadın qladiatorlar olubmu?


Qədim Roma imperiyasında qladiator döyüşləri əsasən kişilərlə bağlı olsa da, tarixi mənbələr və arxeoloji tapıntılar qadın qladiatorların da mövcud olduğunu göstərib. Onlar kişilərdən xeyli az olsalar da, müxtəlif mətnlər və təsvirlər qadınların da arenalara çıxmasını təsdiqləyib.

Tədqiqatçılar qadın qladiatorların çoxunun qullar və ya cəzalandırılmış şəxslər olduğunu düşünürlər. Bəzi hallarda borca düşən azad qadınlar da qladiator məktəblərinə satıla bilərdi. Lakin nadir də olsa, yüksək təbəqədən olan qadınların da arenalarda döyüşdüyünə dair mənbələr var. 

Qadın qladiatorların təlimi və döyüş qaydaları barədə məlumat azdır. Halikarnasdan tapılmış məşhur relyefdə Amazon və Akillia adlı iki qadın qladiator qalxan və qılıncla döyüşərkən təsvir edilib. Onlar kişilər kimi zireh geyinsələr də, çox vaxt dəbilqə taxmayıblar, çünki sponsorlar adətən onların üzünün görünməsini istəyiblər.

Arxeoloqlar qadın qladiatorların adətən ölümə qədər döyüşmədiyini bildirirlər. Heç bir qadın qladiator məzarı tapılmayıb. Bu da onların ölüm riskinin az olduğunu göstərir.

Bəzi qədim mənbələrə görə, qadın döyüşçülərin seçimində görünüş və tanınma potensialı mühüm rol oynayıb. Bu səbəbdən qadın qladiatorlar çox vaxt imperatorların xüsusi, bahalı və nadir şoularında çıxış edib. Digər tədqiqatçılar isə onların fiziki hazırlığının da əsas meyar olduğunu bildirib.

Şair Statius qadın qladiatorları “Amazonlar kimi döyüşən” qadınlar adlandırıb.

Mənbə: Live Science

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et