Bu gün:

Uşaqlarda göz tənbəlliyi


Uşaqlarda müşahidə edilən göz tənbəlliyi (ambliyopiya) müalicə olunmadıqda daimi görmə itkisinə səbəb ola bilər. Ancaq erkən diaqnozla tamamilə düzəldilə bilər və 0-8 yaş uğurlu nəticələr üçün kritik dövrdür.

Uşağın dünyanı dərk etməsi gördüklərindən başlayır. Rənglər, formalar, üzlər – hamısı gözlərdən gələn informasiyalarla mənalandırılır. Buna görə uşaqlıqda göz sağlamlığı həm fiziki, həm də zehni inkişafın əsas hissəsidir. Lakin bəzi anadangəlmə və ya sonradan yaranan xəstəliklər bu inkişafı səssizcə zəiflədə bilər. Onlardan biri də “tənbəl göz” kimi tanınan ambliyopiyadır.


Ambliyopiya çox vaxt nəzərə çarpmadan inkişaf edir, amma vaxtında aşkarlandıqda müalicə mümkündür. Bəs diaqnoz necə qoyulur və daimi görmə itkisinin qarşısı necə alınır?


Professor Dr. Açıkalın bildirir ki, ambliyopiya əhalinin 1-3%-də görülür və əsasən çəpgözlük, iki göz arasında dərəcə fərqi və ya hər iki gözün yüksək qüsuru səbəbindən yaranır. Bəzən göz qapağının sallanması, buynuz qişanın ləkələnməsi və ya anadangəlmə katarakta da səbəb ola bilər. Yəni ambliyopiya yalnız anadangəlmə olmur, 0-8 yaş arasında hər hansı səbəbdən inkişaf edə bilər.


Doğuşdan etibarən müntəzəm göz müayinəsi vacibdir. Doğulduqda, 1, 2 və 3 yaşlarında, daha sonra isə məktəbəqədər dövrdə (4-5 yaş) və bütün tədris ili boyunca.


Ambliyopiya aşkarlananda əvvəlcə səbəb müəyyən edilir. Əgər çəpgözlük, qapaq sallanması və ya başqa bir problem varsa, əvvəl o müalicə olunur. Sonra isə əsas müalicə — yamaq terapiyasına başlanır. Problem aradan qalxdıqdan sonra belə, beyin görmə funksiyasını “unudur” və yamaq müalicəsi bu qabiliyyəti yenidən aktivləşdirməyə kömək edir. Uşağın yaşına və xəstəliyin dərəcəsinə görə gündə 2–6 saat yamaq tətbiq olunur.


Bundan başqa CAM terapiyası, atropin damcıları və hər iki göz açıq halda 3D görməni stimullaşdıran texnoloji müalicələr də mövcuddur. Hansı üsul seçilməsindən asılı olmayaraq, xəstə 17-18 yaşa qədər mütəmadi izlənməlidir, çünki müalicə dayandırıldıqda ambliyopiya geri qayıda bilər.


Prof. Dr. Açıkalın vurğulayır ki, ən yüksək uğur 0-8 yaşda əldə edilir. 12 yaşa kimi cəhd olunsa da, nəticə zəifləyir.


Müalicə olunmayan ambliyopiya qalıcı olur və bir göz digərinə nisbətən daha zəif görür. Bu, üçölçülü görməni pozur və travma riskini artırır. Buna görə vaxtında diaqnoz və müalicə həyati əhəmiyyət daşıyır.


Mənbə: TRT Haber

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et