Bu gün:

Donmuş möcüzə adlanan "buz çiçəkləri"


Bu həftə ABŞ-də baş verən ilk böyük qış fırtınası bəzi yerlərə sehrli "buz çiçəkləri"ni gətirib. Bitki gövdələrindən tökülən su buzlaşdıqda incə buz lentlərindən ibarət olan buz çiçəkləri meydana gəlib. Buz çiçəkləri çox asanlıqla qırıla bilər və onlar yalnız bir neçə saatlıq mövcud olurlar. Onlara ən çox ABŞ-nin şərq yarısında rast gəlinir. Buz çiçəkləri pambıq buludlara və ya əriyən şüşəyə bənzəyir.

Soyuqdan sonra insanlar İndiana, Missuri, Tennessi və başqa yerlərdə səhər həyətlərində yaranan maraqlı təbiət hadisəsinin şəkillərini sosial mediada paylaşıblar.

Vaşinqton Universitetinin professoru Alan Templeton deyib ki, bu gözəllikləri görmək üçün doğru vaxtda və doğru yerdə olmaq lazımdır. Onlar bir-iki saata yoxa çıxır, ona görə də çox qısaömürlü, amma müxtəlif və maraqlı bir gözəllikdirlər. Məhz bu xüsusiyyətlər onları heyrətamiz edir.

Templeton bildirib ki, bunun baş verməsi üçün şərait tam uyğun olmalıdır və bu görüntülər yalnız bir il sonra yenidən görünə bilər. Torpaq kifayət qədər isti və nəm olmalıdır ki, su köklərdən gövdəyə qalxsın. Hava isə o qədər soyuq olmalıdır ki, su donaraq gövdəni yarıb çiçəyə bənzər formalar yaratsın. Bu hadisə yalnız az sayda bitkilərdə baş verir, çünkü gövdə həm suyu saxlaya bilməli, həm də buzun təzyiqi ilə asanlıqla qırılacaq qədər zəif olmalıdır. 

Mənbə: AP news

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et