Bu gün bir çox insan sürətli həyat tempi, maddi çətinliklər və gündəlik stress səbəbindən daxili rahatlıq axtarır. Belə bir zamanda din insanların ruhuna təsəlli, mənəvi güc və ümid verir. Bu barədə İlahiyyatçı Mircəfər Əyyubov suallarımızı cavablandırıb.

Din insanın psixoloji vəziyyətinə necə təsir göstərir?
Dinin insan psixologiyasına ən böyük təsiri onun dünyagörüşünü formalaşdırmasıdır. İnsan dini dünyagörüşünə sahib olanda həyatı tam fərqli qiymətləndirir. Dinə görə həyatın mahiyyəti bir imtahandır — başlanğıcdan sona qədər sınaq. Bu o deməkdir ki, insan qarşılaşdığı xoş və ya acı hadisələrin hamısını həyatın bir mərhələsi kimi qəbul edir.
Bu təfəkkür insana psixoloji rahatlıq verir. İnsan anlayır ki, nə uğur, nə də uğursuzluq əbədidir. Hər şey sınaqdır və bu sınağın sonunda qiymətləndirmə mövcuddur. Bu qəbul insana səbr, təmkin, daxili güc və müdriklik qazandırır. İnsan bilir ki, həyatın çətinliyi problem deyil. Problem insanın yolsuz qalmasıdır. Çətinlik isə onu yetişdirən, böyüdən, kamilləşdirən bir prosesdir.
Mənəvi boşluğun yaranmasının əsas səbəbi nədir?
Mənəvi boşluğun əsas səbəbi insanın həyatı yalnız karyera, maddiyyat, uğur və ya ləzzətlər üzərində qurmasıdır. Bu baxış insanı daxili olaraq boşaldır. Çünki nə uğur davamlıdır, nə də ləzzət. İnsan həmişə daha çoxunu istəyir və nəticədə içində bir boşluq yaranır.
Dini dünyagörüşü olan insan isə həyatı belə məhdud çərçivədə görmür. O bilir ki, insan həzz üçün yaradılmayıb. İnsan həm geniş imkan veriləndə, həm də dar çətinlik görəndə öz davranışını göstərmək üçün yaradılıb. Ona görə də dini dünyagörüşə sahib insan uğur qazananda təkəbbür etmir, uğursuz olanda isə ruhdan düşmür. Hər şeyi bir sınaq kimi qəbul etdiyi üçün mənəvi boşluğa düşmə ehtimalı azalır. Boşluqda olsa belə, tezliklə çıxmağı bacarır.
İnsan daxili sakitliyi tapmaq üçün dini dəyərlərdən necə faydalana bilər?
İnsan daxili sakitliyi tapmaq üçün ilk növbədə həyata real və dini baxışla yanaşmalıdır. Bu baxış belədir: Həyat hamı üçün eyni deyil və heç kim yalnız uğur üçün yaradılmayıb. Həyatda zəngin də var, yoxsul da; gözəl də var, çirkin də. Allah bu müxtəlifliyi qəsdən yaradıb ki, hər kəs öz rolunu, öz məsuliyyətini dərk etsin.
İnsan bu reallığı qəbul edəndə daxili rahatlıq qazanır. O anlayır ki, uğur, uğursuzluq, zənginlik, yoxsulluq, gözəllik və çirkinlik də sınaqdır.
İnsan bu təfəkkürə sahib olarsa, başqalarının davranışları onu yormur, Öz həyatındakı dəyişikliklər onu sarsıtmır. Çünki bilir ki, hər halın arxasında bir hikmət və bir sınaq var. Daxili sakitliyin əsası da məhz bu təmkindir.
Elnarə İslamova
