"PepsiCo" cümə axşamı açıqlayıb ki, parlaq narıncı qəlyanaltılarının süni rəng və dadlandırıcısız, daha yumşaldılmış versiyalarını satışa çıxarır. "Doritos" və "Cheetos Simply NKD 1" dekabrda mağaza rəflərində olacaq.
Bu, "PepsiCo"nun daha geniş dəyişiklik planının bir hissəsidir. Şirkət aprel ayında elan edib ki, qida və içkilərində təbii rənglərdən istifadəyə keçidi sürətləndirəcək. Hazırda ABŞ-də satılan məhsullarının təxminən 40%-i hələ də sintetik boyalar ehtiva edir.
Boyasız versiya "Doritos" və "Cheetos Simply NKD"nin tamamilə rəngsiz olacağı demək deyil. Sadəcə onlar daha açıq rəngdə, məsələn, "tortilla" çipsinə bənzər tonlarda olacaq.
Digər böyük qida şirkətləri, o cümlədən Kraft Heinz və General Mills oxşar öhdəliklər götürüblər. Onlar federal tənzimləyicilərin və ABŞ Səhiyyə Naziri Robert F. Kennedy Jr.-in təzyiqi altındadırlar. Bu qurumlar şirkətləri gələn ilə qədər sintetik qida boyalarını tamamilə aradan qaldırmağa çağırır.
Dövlətlər də addımlar atmağa başlayıblar. Texas yaxınlarda süni inqrediyentlər ehtiva edən qidaların üzərində xəbərdarlıq etiketlərinin olmasını tələb edən qanun qəbul edib. Digər ştatlar isə sintetik boyaların qadağan olunması və ya məhdudlaşdırılması istiqamətində hərəkət edir.
"PepsiCo" 2002-ci ildən bəri süni boyasız "simply" markalı Doritos və Cheetos satır. Amma həmin məhsullar orijinal çipslərin dadını vermək üçün hazırlanmayıb.
"Simply NKD" versiyaları orijinal Doritos və Cheetos kimi dad vermək üçün nəzərdə tutulub. Amma orijinallardan fərqli olaraq onlar neft əsaslı boyalar ehtiva etmir. Həmçinin inqrediyent siyahıları daha qısadır. Məsələn, "Simply NKD Doritos" və "Simply NKD Cheetos" orijinal versiyalarda olan dad gücləndirici əlavələr – "disodium inosinate" və "disodium guanylate" – ilə hazırlanmayıb.
PepsiCo açıqlayıb ki, "Simply NKD" xəttinə "Cool Ranch Doritos" və "Flamin Hot Cheetos" kimi dadlar daxil olacaq. Çipslərin qiyməti orijinal növlərlə eyni olacaq. Şirkət həmçinin bildirib ki, orijinal Doritos və Cheetos məhsulları bazarda qalmağa davam edəcək.
Mənbə: AP news
Tərcümə etdi: Aydan Xudayarova
