Şərcə əmirliyində bir ərəb nadir və qorunan heyvan növləri ilə qanunsuz ticarətdə şübhəli bilindiyi üçün həbs edilib. Polisin məlumatına görə, onun evində həmçinin nəsli kəsilməkdə olan leylək və tülkülər aşkarlanıb. Belə heyvanların satılması və ya üçüncü şəxslərə verilməsi qadağandır.

Zərərçəkən heyvanlar saxlanılan şəxs tutulduqdan sonra Şərcə Ətraf Mühit və Təbiət Qoruqları İdarəsinin və BƏƏ-nin Ətraf Mühit Nazirliyinin dəstəyi ilə təbii qoruqlardan birinə təhvil verilib.
Şərcə polisi əmirlik sakinlərini nadir heyvanların qanunsuz saxlanması və ya satışı ilə bağlı hər hansı şübhəli hal barədə məlumat verməyə çağırıb.
Bundan əvvəl də BƏƏ hakimiyyəti brakonyerlik və heyvan qaçaqmalçılığı ilə məşğul olan şəxslərə qarşı dəfələrlə sərt tədbirlər görüb. Məsələn, ötən ilin oktyabrında Əbu-Dabidə şahinlə qanunsuz ov edən beş nəfər saxlanılıb. May ayında Fuceyra əmirliyinin hakimiyyəti yaşayış məhəlləsində gəzdirilən vəhşi pişiyi tutub və heyvanın sahibinə böyük məbləğdə cərimə tətbiq edib. 2021-ci ildə isə Dubay polisi canavar satışına cəhdin qarşısını alıb.
BƏƏ qanunvericiliyinə əsasən, təhlükəli heyvanları qeydiyyatsız saxlamağa görə cərimələr 10 min dirhəmdən başlayır və 500 min dirhəmə qədər çata bilər.
Mənbə: russianemirates.com
Tərcümə etdi: Aysel Mehtizadə
