Bu gün:

Qeyri-adi adlar dövrü başlayıb


İndi uşaqlara Peach, Riot, Aquaman kimi adlar qoymaq adi hala çevrilib. Valideynlər fərqlənmək istəyir, hətta bəzi şirkətlər xüsusi ad seçmə xidmətləri təklif edir.

23 yaşlı müğənni Peach Martine deyir ki, qeyri-adi adı bəzən ciddi qəbul edilməməsinə səbəb olur, amma onu daha tanınan edir.

“Starbucks-da adımı səhv yazırlar, amma dəyişmək fikrim yoxdur”.

Tədqiqatlar göstərir ki, son 40 ildə ənənəvi adlardan istifadə edilməməyə başlanıb. 1983-cü ildən bəri ümumi adların payı getdikcə azalıb, xüsusilə 1990-cı illərdə bu dəyişiklik sürətlənib. 2023-cü ildə Böyük Britaniyada 64,560 unikal ad qeydə alınıb – bu, 1999-cu illə müqayisədə iki dəfə çoxdur.

Məsələn, Rihanna və A$AP Rocky uşaqlarına Riot, RZA və Rocki adlarını verib, Cardi B qızını Kulture adlandırıb, Trisha Paytas isə oğluna Aquaman adını seçib. Bu tendensiya “şəxsi fərqlilik” arzusunu əks etdirir.

Kembric Universitetinin tədqiqatçısı Kevin Schürer qeyd edir ki, bu, ailə və ənənəvi adlandırma qaydalarından uzaqlaşmanın nəticəsidir: “Valideynlər indi sosial şəbəkələrdə gördükləri, onlara xoş gələn adları seçirlər”.

Ad yalnız kimliyimizi deyil, həyatımızı da formalaşdıra bilər. Araşdırmalar göstərir ki, adlar insanların təhsil uğurlarına, iş imkanlarına, hətta davranışına təsir edə bilir. Məsələn, 2020-ci il tədqiqatına əsasən, qeyri-adi ada sahib CEO-lar daha yenilikçi və riskli qərarlar verir.

Eyni zamanda, adlar cinsiyyətlə bağlı gözləntilərə də təsir edir: qızlara kişi adları verildikdə onların elm və riyaziyyat sahələrində irəliləmək ehtimalı artır. Bəzi hallarda isə adlar stereotiplərə səbəb olur. King’s College London tərəfindən 2023-cü ildə aparılan araşdırma göstərib ki, İngilis səslənməyən adlara malik iş axtaranlar iki dəfə az cavab alır.

Adlar üzərində nəzarət ölkələrə görə dəyişir. Məsələn, Almaniyada Adolf Hitler və Osama Bin Laden adları, ABŞ-da Jesus Christ və Santa Claus, Malayziyada isə bitki və heyvan adları qadağandır.

Bəzi insanlar öz adlarını dəyişməyi üstün tutur. 2025-ci ildə Britaniyada adını dəyişənlərin 70%-i tamamilə yeni, fərqli hərflə başlayan ad seçib. Amma Peach Martine kimi insanlar üçün bu, sadəcə fərqlilik deyil, həm də kimlik məsələsidir:

“Uşaqlıqdan qeyri-adi adım var və onunla böyümüşəm. Bəzən insanlar zarafat edir, amma bu, mənim hissəm olub – və indi buna görə qürur duyuram”.


Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva


Paylaş
Şərh əlavə et