İnsan ömrünü uzatmaq ideyası artıq yalnız elmi-fantastik əsərlərin mövzusu deyil, müasir elmin araşdırma sahəsinə çevrilib. Çin alimləri “150 il yaşamaq mümkündürmü?” sualına cavab tapmaq üçün yeni layihələr həyata keçiriblər. Dövlətin və özəl şirkətlərin bu sahəyə böyük maliyyə vəsaiti ayırması uzunömürlülük tədqiqatlarını daha da sürətləndirib.
Şenzen şəhərində fəaliyyət göstərən Lonvi Bioscienes şirkəti qocalmanı ləngitdiyi və hüceyrələri yenilədiyi iddia edilən “yaşlanma əleyhinə” kapsullar hazırlayıb. Şirkətin elmi rəhbəri Lü Sinxua yaxın illərdə 150 yaşına qədər yaşamağın mümkün olacağını bildirib. Çin üçün uzunömürlülük anlayışı yeni deyil, bu arzu qədim imperatorlardan başlayaraq bu günədək davam edib və müasir dövrdə biotexnologiya, süni intellekt və tibbin əsas istiqamətlərindən birinə çevrilib. Elm adamları bu iddialara hələ də ehtiyatla yanaşır və nəticələrin geniş sınaqlarla təsdiqlənməsinin vacibliyini qeyd edirlər. Bununla belə, Çin hökuməti və alimləri bu sahədə irəliləyişi üstünlük hesab edirlər. “Əbədi gənclik dərmanı” ideyası həm elmi marağı, həm də insanlığın uzun və sağlam həyat arzularını birləşdirən yeni bir mərhələni təmsil edir.
Mənbə: Nuvemmag.com
Tərcümə etdi: Fidan Mənsimova
