Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gün qeyd olunan Dünya Sətəlcəm (Pnevmoniya) Günü münasibətilə bəyanat yayıb. Qurumun məlumatına görə, pnevmoniya hələ də dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəliklərdən biridir.
ÜST-nin hesabatına əsasən, hər il təxminən 700 min uşaq 5 yaşına çatmadan bu xəstəlik səbəbindən həyatını itirir. Eyni zamanda, yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslər də ən çox risk altında qalan qruplardır.
Təşkilat bildirir ki, pnevmoniyanın qarşısını almaq mümkündür. Bunun üçün uşaqlara peyvəndlərin vurulması, sağlam qidalanma, təmiz hava şəraiti və ilk simptomlarda tibbi yardıma müraciət əsas şərtlərdir.
ÜST vurğulayıb ki, pnevmoniyaya qarşı mübarizə yalnız səhiyyə sistemlərinin deyil, həm də ictimaiyyətin məlumatlılığının artırılması ilə mümkündür. "Pnevmoniya qarşısı alına bilən və müalicə edilə bilən bir xəstəlikdir, lakin hər il minlərlə insan tibbi yardıma çıxışın çətinliyi səbəbindən həyatını itirir,” – deyə təşkilatın açıqlamasında qeyd olunub.
ÜST ölkələri pnevmoniyaya qarşı profilaktik tədbirlərə daha çox investisiya qoymağa və peyvənd proqramlarını genişləndirməyə çağırıb.
Mənbə: WHO
Tərcümə etdi: Zəhra Məlikova
