Maks Plank İnstitutunun alimlərinin yeni tədqiqatı göstərib ki, heyvanlarda beynin ölçüsünün böyüməsi iki əsas amillə bağlıdır: istiqanlılıq və yeni doğulanların ölçüsü.
Qanadlılar və məməlilər kimi istiqanlı növlər bədənlərinin sabit və yüksək temperaturunu saxlaya bilir. Bu isə beynin fəaliyyətinin səmərəliliyini artırır. Bundan əlavə, iri balalar böyük enerji ehtiyatı ilə doğulur və uzunmüddətli ana qayğısı alır ki, bu da beynin erkən yaşlarda fəal inkişafına şərait yaradır.
Mütəxəssislər 2600 onurğalı növünü təhlil edərək müəyyən ediblər ki, daxili istilik və yeni doğulanların böyük ölçüsünün birləşməsi beynin nisbi həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Soyuqqanlı heyvanlarda — amfibiyalarda və balıqlarda isə beynin ölçüsü, əksinə, temperaturun dəyişməsi və valideyn qayğısının zəif ifadə olunması nəticəsində nisbətən kiçik qalır.
Tədqiqat nəticəsində əldə edilən məlumata görə, beyni qorumaq və inkişaf etdirmək üçün çox yüksək enerji sərfiyyatı lazımdır. Bu səbəbdən də onun böyüməsi yalnız kifayət qədər qidalanma və istilik şəraitində mümkündür. Bu amillər istiqanlı heyvanların təkamül üstünlüyünü izah edir.
Mənbə: gismeteo.ru
Tərcümə etdi: Aysel Mehtizadə
