Bu gün:

Pekində “Rəngarəng Dünya Mədəniyyət Sərgisi və Mübadilə Tədbiri” keçirilib


Çinin paytaxtı Pekində 10-cu “Rəngarəng Dünya Mədəniyyət Sərgisi və Mübadilə Tədbiri”nə (Colourful World Cultural Exhibition and Exchange Event) başlanılıb. Tədbir “İpək Yolunda Sivilizasiyalar Dialoqu” mövzusu əhatəsində keçirilib.

Məsələ barədə məlumatı Globe Newswire yayıb. Bildirilib ki, sərginin əsas məqsədi müxtəlif xalqların mədəni irsini tanıtmaq, mədəniyyətlərarası dialoqu və əməkdaşlığı gücləndirməkdir.

Tədbir Pekinin Şouqanq parkında keçirilir və “İpək Yolunun Səyahəti” adlı xüsusi interaktiv kampaniya ilə müşayiət olunur. Sərgidə İtaliya, Slovakiya, İndoneziya, Uqanda və digər ölkələrdən folklor-rəqs kollektivləri, etnik musiqi ansamblları və solo ifaçılar iştirak edir.

Bundan əlavə, ziyarətçilər üçün “Səyahət bir klik ilə” adlı süni intellekt əsaslı virtual platforma və “Zaman Korridoru” kimi innovativ nümayiş zonaları yaradılıb. Sərgi zallarında iştirakçı ölkələrin səfirlikləri öz milli mədəniyyətlərini təqdim edir.

Sərginin təşkilatçıları vurğulayıblar ki, bu tədbir beynəlxalq mədəni inteqrasiyanın və qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfə verəcək.

Ekspertlər hesab edirlər ki, “Rəngarəng Dünya” sərgisi təkcə mədəniyyət nümayişi deyil, həm də texnologiya və ənənənin qovuşduğu qlobal platformadır.


Mənbə: Globe Newswire

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et