Dünyada çoxlu sayda zəhərli canlı mövcuddur və onların bəziləri son dərəcə təhlükəli maddələr ifraz edir. Amma maraqlıdır, bu orqanizmlər niyə öz istehsal etdikləri maddələrdən təsirlənib ölmürlər?

Dünyanın ən zəhərli heyvanlarından biri Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayan rəngarəng və kiçik ağac qurbağalarıdır (Dendrobatidae fəsiləsi). Bir belə qurbağa tərkibində 10 yetkin insanı öldürməyə kifayət qədər zəhər daşıyır. Maraqlıdır ki, bu qurbağalar zəhərlə doğulmur — onlar öz toksinlərini zəhərli həşəratları və digər bu cür canlıları yeyərək əmələ gətirirlər.
Alimləri uzun müddətdir maraqlandırır ki, zəhərli qurbağalar necə olur ki, öz zəhərləri ilə ölmürlər. Son tədqiqatda bioloqlar listolaz cinsinə aid qurbağaları öyrəniblər. Bu qurbağalar "batraxotoksin" adlı güclü zəhər ifraz edirlər. Bu zəhər hüceyrələrdə natrium ionlarının hərəkətini pozur, bu isə iflicə və ürək dayanmasına səbəb ola bilər. Lakin qurbağalar özləri bu zəhərin təsirindən zərər görmür.
Tədqiqatçılar müəyyən ediblər ki, zəhərli heyvanlar öz-özünü zəhərləməkdən qaçmaq üçün üç üsuldan istifadə edirlər:
1. Genetik mutasiya – zülalların forması bir qədər dəyişir və zəhər onlara birləşə bilmir.
2. Zəhərin orqanizmdən xaric edilməsi.
3. Xüsusi qoruyucu zülalın yaranması-bu zülal zəhəri bağlayaraq onu zərərsiz edir.
Bioloqlar hesab edirlər ki, məhz üçüncü üsul, yəni qoruyucu zülalın yaranması, qurbağaların və digər zəhərli heyvanların öz toksinlərindən ölməməsinə kömək edir.
Mənbə: techinsider.ru
Tərcümə etdi: Aysel Mehtizadə
