Bu gün:

"İstəyirəm ki, insanlar Dilarəni gözəl səsli, cəsarətli olaraq xatırlasınlar"


24Media.az-ın budəfəki müsahibi "Dəm olmuşam", "Dəb elə mənəm", "Harəm", "Alov" kimi mahnıların ifaçısı, tanınmış müğənni Dilarə Kazımovadır. O, sənəti və həyatı ilə bağlı suallarımızı cavablayıb.Müsahibənin əvvəlində Dilarə Kazımova Azərbaycan səhnəsində necə xatırlanmaq istəməsi barədə danışıb: 

"İstərdim ki, insanlar məni gözəl səsli, istedadlı, cəsarətli olaraq xatırlasınlar, mənim mahnılarımda özlərini tapsınlar, illər sonra belə mənim musiqimi dinləyəndə həmin hissləri, yaşadıqları xatirələri yadlarına düşsün".

Ardından müğənni səhnədəki obrazı ilə real xarakteri arasındakı fərqlərdən söz açıb:

"Arada çox böyük fərqlər var. Dilarə səhnədə olarkən açıq-saçıq geyinə bilər, cəsarətli və komplekssiz davrana bilər, işlə əlaqədər olaraq bir az sərt və tələbkardır. Lakin mənlə dost olandan sonra bu dəyişir, evdəki Dilarə çox yumşaqdır, haradasa özünü oğlan kimi apara bilər. Səhnədəki Dilarənin duruşu fərqlidir, məsələn, o, əyri otura bilməz. Əslində, buna alterego deyə bilərik". 

Daha sonra Dilarə Kazımova uğurlu musiqi anlayışından bəhs edib: 

"İnsanların illərlə qulaq asa bildiyi mahnıları uğurlu hesab etmək olar. Axır vaxtlar 1-2 günlük mahnılar çıxır. İndiki dövrdə musiqinin həyatı çox az olur. Mən istəyirəm ki, insanlar mənim mahnılarıma 10 il sonra da qulaq assınlar və desinlər ki, necə super mahnıdır".

Bunun ardından müğənni yay üçün planlarından danışıb:

"Yeni mahnılar var və klip üçün hazırlaşırıq. Yayda mahnı çıxarmaq artıq gecdir, çünki hər kəs istirahətdədir. Hər kəs Bakıya qayıdanda-sentyabrın axırında yeni mahnımız işıq üzü görəcək. İstirahətə gəldikdə isə hələki idman və rəqslərlə məşğulam, istirahəti iyul və avqust aylarında düşünürəm".

Müsahibimiz ona dəfələrlə ünvanlanan eyni suallardan sıxıldığını, şəxsi həyatı ilə bağlı suallardan qıcıqlandığını vurğulayıb. 

Ardından Dilarə Kazımova bir müddət əvvəl Səbinə Nuriyeva ilə yayımladığı "Dəb elə" verilişinin niyə davam etməməsinə aydınlıq gətirib:

"Layihə ilə məşğul olan şəxsin öz əlavə işləri olduğu üçün biz çatdıra bilmədik. Verilişi qınayan da var idi, tərifləyən də. Biz hər an yenidən çəkilişlərə başlaya bilərik".

Müsahibimiz media ilə sıx əlaqədə olmasından da danışıb: 

"Medianı o zaman sevirəm ki, düzgün başlıqlar qoysun. Arada olur ki, mənasız, məni və insanları qıcıqlandıran başlıqlar qoyurlar. Biz media ilə dostuq, media üçün əlçatmaz olmaq istəmirəm. Öz fikrimi insanlara çatdırmaq üçün media bir vasitədir. Mənim dünyagörüşüm fərqlidir və mən çox şadam ki, media vasitəsilə bunu insanlara göstərə bilirəm".

Dilarə Kazımova dəbli insan anlayışına da toxunub. O, Rihannanı, Beyonsu və Madonnanı zövqlü hesab etdiyini deyib.

Daha sonra müsahibimiz Azərbaycanda ulduz anlayışından və onlara verilən dəyərdən bəhs edib: 

"Məncə, Azərbaycanda ulduzlara yetərincə dəyər verilmir. Mən çox istəyərdim ki, mənim də Amerika ulduzlarında olduğu kimi fanatlarım olsun. Mən öz fanatlarımla həmişə təmasdayam, onları izləyirəm, dəyər verirəm. Ruhdan düşəndə fanatlarım məni motivasiya edir. Məni narahat edən bir məsələ var ki, xaricdə kimsə nəsə edəndə yaxşı hesab edilir, bizimkilər edəndə isə pis. Mənim yolum bir az çətin oldu, digərləri birdən çıxıb özünü göstərir, amma mən Avroviziyaya gedəndən sonra dərk etmişəm ki, insanlara hər şeyin yaxşı olduğunu sübut edim".

Bunun ardından Dilarə Kazımova Fəxrəddin Manafovla olan ilk film təcrübəsini xatırlayıb: 

"Filmin rejissoru mənə zəng etdi ki, film var, baş rolda Fəxrəddin bəy də çəkilir, məni də yoxlamaq istəyirlər. Mən də həyəcanlandım. Fəxrəddin bəy də istəyirdi ki, mən o filmdə çəkilim. Fəxrəddin Manafovun fanatı idim və kadrlar çəkiləndə şokda idim. Filmimiz festivalda uğur qazandı".

Daha sonra müsahibimiz yeni mahnı seçimində nələrə diqqət etdiyini izah edib: 

"Mahnı seçərkən insanların fikri mənim üçün önəmli olur. Musiqini onlar üçün edirəm və düşünürəm ki, eyni fikirdə olduğum insanlar bu mahnını sevəcəklər. Hər zaman rəyləri oxuyuram. Arada heç aidiyyəti olmayan rəyləri yazırlar ki, əsasən, xətrə dəymək, incitmək məqsədi daşıyır. Amma xoş rəylər yazılanda cavab verirəm".

Müsahibənin sonunda Dilarə Kazımova aldığı ən unudulmaz məsləhətdən də söz açıb: 

"Arada özümüzə çox tənqidçi yanaşırıq, bəzən bəyənmirik, lakin haradasa oxumuşdum ki, indi bizdə ən gözəl vaxtdır. İndi yaşadığımız an ən yaxşı məqamdır. İnsan gərək özünə dəyər versin. Heç kimə icazə verməyin ki, sizi gözdən salsın. Və insanlar sizi incidəndə onların arxasınca gedib sizi niyə incitdiklərini soruşmayın". 

Ayşə Məmmədcəfərli


Paylaş
Şərh əlavə et