Bu gün:

Şanxayda yeniyetmələrin məsuliyyətsizliyi cərimə ilə nəticələnib


Çində iki 17 yaşlı yeniyetmə restoranın “hotpot” yeməyinə sidik etdikləri görüntüləri sosial şəbəkədə paylaşdıqdan sonra özləri və valideynləri ilə birlikdə ictimai üzr istəməyə və 227 min funt (təxminən 2.2 milyon yuan) məbləğində cərimə ödəməyə məcbur ediliblər. Bu barədə Çin dövlət mediası məlumat yayıb.

NBC News və Sky News-un məlumatına görə, Wu və Tang adlı gənclər Şanxaydakı məşhur “Haidilao” restoranlar şəbəkəsinin filialında masanın üstünə çıxaraq yemək qabına sidik ediblər. Onlar bu hadisəni videoya çəkərək internetdə yayıblar.


Dövlət televiziyası CCTV News-un məlumatına əsasən, videonu paylaşan gənclər bunun “qəsdən” edildiyini və mümkün mənfi nəticələrdən “tam xəbərdar” olduqlarını etiraf ediblər.


Hadisədən sonra video sürətlə yayılıb və “Haidilao” restoranlar şəbəkəsi ictimaiyyətə üzr istəyərək, hadisənin baş verdiyi filialda bütün qab-qacağı məhv edib və yeniləri ilə əvəz etdiyini bildirib. Həmçinin şirkət 4000-dən çox müştəriyə ödənilən məbləği geri qaytarıb və onlara əlavə olaraq 10 qat kompensasiya ödəyib.


Mart ayında restoranla əlaqəli iki katerinq şirkəti Wu və Tang ailələrini məhkəməyə verib. Onlardan ictimai üzr və 23 milyon yuan (təxminən 2.4 milyon funt) dəyərində təzminat tələb ediblər.


Məhkəmə qərarına görə, müştərilərə qaytarılan pullar hadisə ilə birbaşa bağlı sayılıb və qanuni hesab edilib, lakin əlavə ödənişlər “könüllü biznes qərarı” kimi dəyərləndirilib.


Nəticədə, yeniyetmələr və onların valideynləri məhkəmə tərəfindən müəyyən edilmiş qəzetlərdə rəsmi üzr dərc etməyə və 2.2 milyon yuan məbləğində cərimə ödəməyə məcbur ediliblər.


Çin Kommunist Partiyasına yaxın “China Comment” jurnalı qərarla bağlı yazıb ki, bu hadisə valideynlər üçün xəbərdarlıqdır: övladlarına nəzarət etməyən ailələr “ağır cəzalarla” üzləşə bilərlər.


Jurnal hadisəni “başqalarının hüquqlarına qarşı hörmətsizlik və sosial normalara açıq-aşkar meydan oxuma” kimi qiymətləndirib və bunun artıq “sadə bir zarafat” kimi qəbul edilə bilməyəcəyini vurğulayıb.


Qeyd edək ki, son aylarda Çində qida təhlükəsizliyi ilə bağlı oxşar hadisələr də baş verib. Avqustda Honq Konqda 63 yaşlı bir kişi supermarketlərdəki içkilərə sidik qatdığı iddiası ilə polis tərəfindən həbs edilib.


Mənbə: SKY news

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et