Bu gün:

Üzüyünü tapmaq üçün 3 həftə torpaq qazan qadın


Nyu-York şəhərindən olan 31 yaşlı strateji məsləhətçi Mişer Foks üçün “mükəmməl nişan üzüyü”nü tapmaq sadəcə bir mağazadan almaqla bitməyib. O bu məqsədlə ABŞ-nin Arkanzas ştatındakı "Crater of Diamonds State Park"da üç həftə çadırda yaşayaraq hər gün əlində kürəklə torpaq qazıb.

Foks bildirib ki, o, təxminən iki il əvvəl özünə etik qaynaqlardan əldə edilmiş bir daş tapmağı xəyal etməyə başlayıb. “Mən sevgilim Trevordana demişdim: Biz nişanlanmayacağıq ta ki mən öz almazımı tapmayana qədər. Axı almazlar torpaqdan çıxır, bəs bizi nə saxlayır ki, özümüz tapmayaq?” – deyə o bildirib.

Məlum olub ki, dünyada ictimaiyyət üçün açıq olan yeganə fəaliyyət göstərən almaz mədəni uzaq ölkələrdə deyil, sadəcə bir neçə saatlıq uçuş məsafəsində yerləşir. Foks magistr təhsilini bitirdikdən sonra yola çıxıb, hər gün səhər saat 8-dən axşam 4-ə qədər qazıntı aparıb. O yalnız bir gün istirahət edib. Yay istisi və fiziki yorğunluq onu ciddi sınağa çəkib.

“Bəzi günlər olurdu ki, günlərlə duş qəbul edə bilmirdim. O qədər yorulurdum ki, 10 dəqiqə soyunmağa və duş almağa gücüm qalmırdı,” – deyə Foks etiraf edib. Hətta bir dəfə onun kürəyi oğurlanıb və o, yeni alət almaq üçün üç saatlıq piyada yol qət etməli olub.

Nəhayət, 29 iyulda, yəni sonuncu qazıntı günündə ayağının yanında nəsə parıldadığını görüb. “Əvvəlcə düşündüm ki, bu şehdir, ayaqqabımla itələdim, tərpənmədi” – o həmin anı belə izah edib. Bu parıltı 2,3 karatlıq almaz imiş — həmin il parkda tapılan üçüncü ən böyük daş.

Park rəhbərliyinin məlumatına görə, "Crater of Diamonds"da gündə orta hesabla 1-2 almaz tapılır, lakin onların çoxu kiçik olur və ildə yalnız təxminən bir onluq daş bir karatdan böyük olur.

Foks almazını qiymətləndirməyə verməyib və bunu planlaşdırmır da. Onun üçün bu daşın dəyəri pulda deyil, mənasında gizlidir: “Mən bu daşı tapmaqla evlilikdə kim olacağımı göstərmək istəyirdim — çətinliklər qarşısında geri çəkilməyən, yorulmadan çalışan bir insan.”
O, həyat fəlsəfəsini bir cümlə ilə ifadə edib: “Əgər imtina etməyi seçimdən çıxarsan, yeganə yol davam etməkdir.”

Mənbə: NPR.org

Tərcümə: Aydan Xudayarova


Paylaş
Şərh əlavə et