Bu gün:

Hər gün 30 dəqiqə az oturmaq sağlamlığımızı dəyişə bilər


Yeni araşdırmalara görə,hər gün divanda oturduğunuz vaxtı cəmi 30 dəqiqə azaltmaq bədənin metabolizmini gücləndirərək enerji səviyyəsini artırır.

Məlum olub ki, daha az oturmaq bədənin yağları və karbohidratları enerji istehsalında daha səmərəli istifadə etməsinə kömək edir.

Tədqiqatın müəllifi - Finlandiyanın Turku Universitetindən "Dr. Taru Garthwaite" bu vərdişin xüsusilə azhərəkətli və ürək-damar xəstəlikləri ilə diabet riski yüksək olan insanlar üçün faydalı olduğunu bildirib.

Əvvəlki araşdırmalar da göstərib ki, azhərəkətli insanların həyat tərzi və sağlam olmayan qidalanma birləşəndə bədən alınan enerjini xərcləyə bilmir və bu da diabet və ürək problemləri riskini artırır.

Dr. Garthwaite izah edir: "Sağlam orqanizm istirahət zamanı daha çox yağ yandırır, amma yeməkdən sonra və ya intensiv məşq zamanı enerji əsasən karbohidratlardan alınır. Əgər bu çeviklik pozularsa, qandakı şəkər və yağ səviyyəsi yüksəlir, artıq enerji isə bədəndə yığılır."

Araşdırma 64 azhərəkətli həyat tərzi olan insanla aparılıb. Onların hamısında ürək və diabet risk faktorları müşahidə olunub. İştirakçılar iki qrupa ayrılıb.

1. Bir qrup iştirakçıya hər gün oturma vaxtını 1 saat azaltmaq və bu vaxtı yüngül hərəkətlərlə (dayanmaq, qısa gəzintilər, telefonla ayaqüstü danışmaq və s.) əvəz etmək tapşırılıb.

2. Digər qrup isə əvvəlki azhərəkətli həyat tərzini davam etdirib.

Altı ay ərzində iştirakçıların hərəkət səviyyəsi xüsusi cihazlarla izlənib. Nəticədə, oturma vaxtını gündə ən azı 30 dəqiqə azaldan iştirakçılarda metabolik çeviklik və yüngül məşq zamanı yağ yandırma qabiliyyəti yaxşılaşıb. Bundan əlavə, dayanma müddəti artdıqca metabolik sağlamlıq da daha çox yaxşılaşıb.

Dr.Garthwaite deyib: "Əgər hərəkətsiz həyat tərzi keçirirsinizsə, az da olsa aktivliyi artırmaq böyük fərq yarada bilər. Hətta kiçik dəyişikliklər məsələn, telefonla danışanda ayağa qalxmaq belə sağlamlığınızı yaxşılaşdıra bilər".

Alimlər bildiriblər ki, bu müsbət təsirlər əsasən hərəkətsiz, artıq çəkisi və xəstəlik riski yüksək olan insanlarda müşahidə olunur. Daha böyük fayda isə həftədə 2,5 saat orta intensivlikdə fiziki fəaliyyət göstəricisinə çatmaqla əldə edilə bilər.

“Az hərəkət edənlər üçün kiçik addımlar belə sağlamlığa bötük töhfə verir,”-deyə Garthwaite vurğulayıb


Mənbə: Good news network

Tərcümə etdi: Aydan Xudayarova



Paylaş
Şərh əlavə et