Saatların dəyişdirilməsi ürək tutmalarından avtomobil qəzalarına qədər bir çox problemlər yaradır.
Payız gecələri yaxınlaşdıqca saatları geri çəkməyə hazırlaşırıq. Belə bir vaxtda çoxları 1 saat artıq yatmağın sevincini yaşayır. Amma tədqiqatlar göstərir ki, bu dəyişiklik düşündüyümüz qədər faydalı olmaya bilər. Bəzi araşdırmalar payızda saatların geri çəkilməsi ilə depressiya hallarının artması arasında əlaqə olduğunu sübut edir.
Hazırda dünyada 70-dən çox ölkə bu sistemi tətbiq edir.
Son illərdə aparılan tədqiqatlar göstərir ki, bu dəyişikliklər insanların sağlamlığına mənfi təsir göstərir. Ən güclü sübutlar isə yaz aylarında saatların irəli çəkilməsinin zərərləri ilə bağlıdır.
ABŞ, İsveç, Almaniya və digər ölkələrdə aparılan araşdırmalar göstərib ki, yazda saatların dəyişdirildiyi bazar ertəsi günlərində ürək tutması halları təxminən 4% artır. Eyni zamanda insult hallarının və avto qəzaların da çoxaldığı müşahidə edilib.
Bunun əsas səbəbi bədənimizin bioloji saatının pozulmasıdır. Gün işığı azaldıqda orqanizm melatonin ifraz etməyə başlayır və bu, yuxuya getməyi asanlaşdırır. Amma yazda saatlar irəli çəkildikdə, axşamlar daha işıqlı olur və melatonin istehsalı azalır. Bu isə yuxusuzluq, yorğunluq və stressə səbəb olur.
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
