Anhedoniya — əvvəllər zövq alınan fəaliyyətlərdən həzz ala bilməmək və həyatdan məmnuniyyət duymamaq halıdır. Termin qədim yunan dilində hedone (“xoşbəxtlik, həzz”) sözündən törəyib, anhedonos “həzzsiz” mənasını verir. XIX əsrdə psixoloq Teodul Armand Ribot tərəfindən patologik həyat sevinci çatışmazlığı kimi tanınmışdır və depressiyanın əsas simptomlarından biridir.
Anhedoniya sahibi şəxslər gündəlik həyatda əvvəllər zövq verdiyi fəaliyyətlərə — idman, incəsənət, dostlarla görüş, film izləmə, musiqi, rəqs və digər hobbilər — maraq itirirlər. Bu vəziyyət kənardan görünəndə sadəcə maraqsızlıq kimi qiymətləndirilə bilər, lakin şəxs üçün emosional təcrübələrin azalması, özünü dəyərsiz və mənasız hiss etməsi ilə nəticələnir.
Anhedoniyanın növləri:
1. Cinsi anhedoniya: Cinsi fəaliyyətlər normal gedə bilər və orqazm ola bilər, amma şəxs bundan heç bir həzz almır.
2. Fiziki anhedoniya: Yemək, masaj və digər fiziki zövqlər hiss olunmur. Şəxs bu fəaliyyətlərdən emosional məmnuniyyət almır.
3. Musiqi anhedoniyası: Musiqidən həzz alınmır, hətta fiziki reaksiyalar belə baş vermir. Musiqi sadəcə səslər toplusu kimi qəbul edilir.
4. Sosial anhedoniya: Sosial qarşılıqlı əlaqələr və dostluq münasibətlərindən zövq alınmır. İnsanlar tədricən sosial fəaliyyətdən uzaqlaşır, təcrid olunurlar.
Anhedoniya yalnız şəxsi əhvalı deyil, həm də gündəlik həyat fəaliyyətlərini ciddi şəkildə məhdudlaşdırır. Şəxs öz bədəni və zehni ilə əlaqəsini itirir, həyatın mənasını itirmiş kimi hiss edir, boşluqda və uğursuzluq içində olduğunu düşünür. Çox vaxt ətrafdakı insanlar bu vəziyyəti təmbəllik və maraqsızlıq kimi qiymətləndirir, lakin əslində bu, dərin emosional və zehni pozuntu nəticəsidir.
Müalicə və dəstək üsulları:
• Dopamin balansının bərpası
• Xroniki stressdən və mənfi ətraf təsirlərdən uzaqlaşmaq
• Tibbi nəzarət altında ketamin indüksiyası
• Fərqindəlik meditasiyası
• Pozitiv duyğuların təşviqi və mənfi duyğuların azaldılması üçün bilişsel-davranış terapiyası
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı
