Alimlər müəyyən ediblər ki, mikroskopik plastik hissəciklər, yəni mikroplastiklər təkcə ətrafımızda deyil, həm də bədənimizin içində, hətta beynimizdə belə mövcuddur.

Avstriyanın Qrats Universitetindən Dr. Kristian Paçer-Doyçun apardığı tədqiqat göstərib ki, mikroplastiklər bağırsaq bakteriyalarını dəyişdirə bilər. Bu dəyişikliklər depressiya və yoğun bağırsaq xərçəngi ilə əlaqəli nümunələri xatırladır.
ABŞ-nin Rod-Aylend Universitetindən Dr. Ceymi Ross isə mikroplastiklərin siçanların beyninə təsirini öyrənib. Mikroplastiklə qarışıq su içən siçanlar fərqli davranmağa başlayıblar. Bu da adətən yaşlanma və sinir sistemi xəstəliklərində müşahidə olunan davranışlara bənzəyib.
Tədqiqatçılar hələ mikroplastiklərin insan sağlamlığına təsirini tam sübut etməyiblər, amma bildirilir ki, biz hər gün bu hissəciklərə məruz qalırıq. Buna görə də alimlər mikroplastiklərlə təmasın azaldılmasının vacib addım olduğunu düşünürlər.
Mənbə: The Guardian
Tərcümə etdi: Nərmin Məmmədzadə
