Bu gün:

Məlumatın qeydə alınması və oxunmasına imkan verən DNT kapsulları


Hollandiyanın Eindoven Texnologiya Universitetinin bir qrup tədqiqatçısı DNT-də qeydə alınan məlumatların daha dəqiq oxunmasına imkan verən üsul hazırlayıb.

Məlumat saxlamaq üçün istifadə olunan cihazların tutumu məhduddur. Daha böyük həcmdə məlumatı daha kiçik həcmdə saxlamaq üçün çalışan tədqiqatçılar bir müddətdir ki, üzvi molekullara diqqət yetirirlər. Bu mövzuda görkəmli alternativlərdən biri təbii olaraq bioloji məlumatları kodlayan DNT molekullarıdır.

DNT spiralları qısaca A, C, G və T simvolları ilə təmsil olunan dörd nuklein turşusunun düzülməsi ilə əmələ gəlir. Qoşa sarmalda A həmişə T ilə, C isə G ilə cütləşir.

Rəqəmsal məlumat 0 və 1 ilə kodlanır. DNT helikslərindəki AT, CG cütləri də 0 və 1-ləri kodlaşdırmaq üçün istifadə edilə bilər.

Məlumatın saxlanması zamanı DNT molekulları bir çox üstünlüklərə malikdir. Birincisi, DNT molekulu adi texnologiyalarla müqayisədə müəyyən həcmdə daha çox məlumatın saxlanmasına imkan verir. Bu gün bu məqsədlə istifadə edilən ən yaxşı üsul 17x1018 bayt məlumatı 1 qram maddəyə kodlaşdırmaqdır. Bu dəyər ənənəvi üsullarla əldə edilə biləndən milyon dəfə böyükdür. Bundan əlavə, DNT molekullarının quruluşu asanlıqla pozulmur. Buna görə də onlar uzunmüddətli saxlama üçün uyğundur.

Son illərdə həm sintetik DNT molekullarının əldə edilməsi, həm də DNT molekullarında nuklein turşusu ardıcıllığının "oxuması" ilə bağlı mühüm inkişaflar olmuşdur.

DNT-də kodlanmış məlumatları oxumaq üçün polimeraza zəncirvari reaksiya (PZR) adlanan mexanizmdən istifadə edilir. Verilmiş DNT fraqmentinin milyonlarla nüsxəsini çıxara bilən bu mexanizmlə bağlı problemlərdən biri də odur ki, DNT fraqmentlərinin yalnız oxunmaq istənən deyil, həm də arzuolunmaz surətləri ortaya çıxa bilər. Eindoven Universitetinin bir qrup tədqiqatçısı bu problemi həll edə biləcək bir üsul hazırlayıb.

Prof. Dr. Tom de Qrefin rəhbərlik etdiyi tədqiqatçılar məlumatın istiliyə həssas, yarıkeçirici mikrokapsullara kodlandığı DNT fraqmentlərini düzəldiblər. Ətraf mühitin temperaturu 50 °C-dən yuxarı qalxdıqda mikrokapsulaların keçiriciliyi itir. 50°C-dən aşağı düşəndə onlar yenidən keçirici olurlar. Beləliklə, ətraf mühitin temperaturunu tənzimləməklə, surət çıxarma zamanı müxtəlif kapsullarda məlumatların qarışmasının qarşısı alına bilər. Tədqiqatçılar kapsulları müxtəlif rənglərdə işıq yayan flüoresan molekullarla etiketləməyə də nail olublar. Beləliklə, oxunacaq “fayl”ın hansı kapsulda yerləşdiyini asanlıqla ayırd etmək olar.

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et