Müasir dövrdə vitamin və əlavələr bazarı sürətlə böyüyür. Xüsusilə orta yaş dövrünə qədəm qoyan qadınlar arasında müxtəlif əlavələrə – vitamin D, maqnezium, omeqa-3, kollagen və s. – maraq getdikcə artır. Lakin sual yaranır: bu əlavələr həqiqətən sağlamlığımız üçün vacibdirmi, yoxsa sadəcə marketinq hiyləsidir?

Qidalanma üzrə mütəxəssis Kler Pettit bildirir ki, yaş artdıqca orqanizmin bəzi maddələri mənimsəmə qabiliyyəti azalır. “Bu, qəfil baş verən bir şey deyil, amma 40 yaşdan sonra bədənimizdə müəyyən funksiyalar zəifləyir. Məsələn, B12 vitamini və kalsiumun sorulması azalır, bu isə həm sümük, həm də sinir sağlamlığı üçün risk yaradır”.
Hormon səviyyələrinin, xüsusilə estrogenin azalması da vacib amillərdəndir. “Menopauza dövründə östrojenin azalması sümüklərin zəifləməsi, əzələlərin tonusunu itirməsi və ürək-damar xəstəlikləri riskinin artması ilə nəticələnə bilər", – deyə Pettit vurğulayır. Buna görə də bu dövrdə D vitamini, kalsium, omeqa-3 və maqnezium kimi əlavələr faydalı ola bilər.
Bununla belə, dietoloqlar öncə qidalanmaya diqqət etməyi məsləhət görürlər. Nichola Ludlam-Raine bildirir: “Qadınlar çox vaxt pəhrizlər və məşğul həyat tərzi səbəbindən balanslı qidalanmanı unudurlar. İlk addım kifayət qədər protein, lif və müxtəlif vitaminlərlə zəngin təbii qidalar qəbul etməkdir”. O, gündəlik protein qəbulunun ideal bədən çəkisinin hər kiloqramına 1,6 qram olması və bunun gün ərzində bərabər paylanmasının vacibliyini vurğulayır.
D vitamini mütəxəssislərin ən çox tövsiyə etdiyi əlavələrdən biridir. “Bu vitamin sümüklər, immunitet və əzələ sağlamlığı üçün həyati əhəmiyyət daşıyır",– deyə Pettit qeyd edir. Günəşlə təmasın az olduğu payız və qış aylarında, xüsusilə tünd dərili insanlarda ilboyu D vitamini qəbulu tövsiyə edilir.
Omeqa-3 yağ turşuları da həm beyin, həm ürək, həm də oynaqların sağlamlığı üçün vacib sayılır. Əgər insan həftədə bir dəfə belə balıq yemirsə, omeqa-3 əlavəsi qəbul etməsi məqsədəuyğundur. Lakin mütəxəssislər əlavələrin seçimi zamanı məhsulun tərkibində EPA və DHA miqdarına, eləcə də müstəqil laboratoriya tərəfindən təsdiqlənmiş olmasına diqqət etməyi məsləhət görürlər.
Maqnezium son illərdə ən çox danışılan əlavələrdən biridir. Yuxusuzluq, əzələ gərginliyi və stress zamanı maqnezium orqanizmə dəstək ola bilər. Amma bu maddə qoz-fındıq, paxlalılar, tam taxıllar və avokado kimi qidalarla da təbii şəkildə qəbul edilə bilər.
Son illərdə qadınlar arasında kollagen və biotin də məşhurlaşıb. Kollagenin əsas təsiri oynaqların və sümüklərin elastikliyini qorumaqla yanaşı, dərinin hamar qalmasına kömək etməsidir. Biotin isə saç tökülməsinin qarşısını almaqda faydalı ola bilər, lakin mütəxəssislər bu əlavəni yalnız real çatışmazlıq aşkarlandıqda qəbul etməyi məsləhət görürlər.
Pettit və Ludlam-Raine həmçinin xəbərdarlıq edirlər ki, eyni anda bir neçə əlavəyə başlamaq düzgün deyil. Hər əlavəni tək-tək, ən azı 4–6 həftə ərzində sınamaq və orqanizmin reaksiyasını müşahidə etmək daha məqsədəuyğundur.
Mütəxəssislər həmçinin “mikronizə edilmiş”, “food-grown” kimi ifadələrə də tənqidi yanaşırlar. Bu terminlərin elmi əsası zəifdir və çox vaxt sadəcə marketinq məqsədilə istifadə olunur. Əsas məsələ, orqanizmin ehtiyac duyduğu miqdarda düzgün vitamin və minerallar qəbul etməkdir.
Sonda dietoloqlar bir daha xatırladırlar: əlavələr balanslı həyat tərzinin yerini tuta bilməz. Yuxu, stressin idarəsi, hərəkətli həyat və sosial əlaqələr sağlamlığın əsas dayaqlarıdır. Əlavələr yalnız bu bünövrəyə əlavə dəstək kimi görülməlidir.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
