ABŞ alimləri ilk dəfə insanların dərisindən götürülmüş DNT-ni manipulyasiya edərək erkən mərhələli insan embrionları yaradıb və sonra onları sperm ilə mayalandırıblar.
Bu texnika demək olar ki, bədənin istənilən hüceyrəsini həyatın başlanğıcı kimi istifadə etməklə yaş və ya xəstəlik səbəbindən yaranan sonsuzluğu aradan qaldıra bilər.
Hətta eyni cinsli cütlüklərin genetik olaraq əlaqəli uşaq sahibi olmasına da imkan verə bilər.
Metodun klinikada tətbiq edilməzdən əvvəl əhəmiyyətli dərəcədə təkmilləşdirilməyə ehtiyacı var və bu, on il çəkə bilər.
Ekspertlər bunu təqdirəlayiq bir irəliləyiş hesab edirlər, amma elmin nələri mümkün etdiyinə dair ictimaiyyətlə açıq müzakirənin aparılmasının vacib olduğunu bildiriblər.
Əvvəllər çoxalma sadə bir hekayə idi: kişinin sperması qadının yumurtası ilə birləşir, embrion yaranır və doqquz ay sonra uşaq dünyaya gəlir.
İndi alimlər qaydaları dəyişdirirlər. Bu son təcrübə insan dərisi ilə başlayır.
Oreqon Sağlamlıq və Elm Universitetinin tədqiqat qrupu dəridən götürülmüş hüceyrənin nüvəsini – bədənin qurulması üçün lazım olan bütün genetik kodun surətini çıxarır.
Sonra bu nüvə genetik göstərişləri çıxarılmış donor yumurtasına yerləşdirilir.
Hazırda bu texnika 1996-cı ildə dünyada ilk klonlanmış məməli olan Dolly qoyununu yaratmaq üçün istifadə olunan metodla oxşardır.
Ancaq bu yumurta artıq mayalanmaq üçün hazır deyil, çünki o artıq tam xromosom dəstinə sahibdir.
Siz valideynlərinizdən hər birindən 23 xromosom alırsınız, ümumilikdə 46 xromosomunuz olur və yumurta da artıq bu xromosomlara malikdir.
Növbəti mərhələ isə yumurtanı xromosomlarının yarısını atmağa inandırmaqdır. Tədqiqatçılar bu prosesə “mitomeyoz” adını veriblər (söz mitoz və meyoz – hüceyrələrin bölünmə üsulları – sözlərinin birləşməsidir).
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva